Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-110/2024 09.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə, xx xxxxxx 1943-cü ildə Göyçay rayonu, Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, Göyçay rayonu, Qarabaqqal kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 08 fevral 2024-cü il tarixdə saat 15:30-da radələrində Göyçay rayonu, Şirvanmest adlanan ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 08 fevral 2024-cü il tarixdə saat 15:30-da radələrində xidmət aparan polis əməkdaşları daxil olmuş məlumat əsasında Göyçay rayonu, Şirvanmest adlanan ərazidə dayanan Vaz 2107 markalı avtomobilə yaxınlaşmaq istəyən zaman Şəxs avtomobili işə salaraq oradan uzaqlaşmaq istəmiş, polis əməkdaşları xidməti avtomobillə ona saxlamaq üçün əmr işarəsi vermiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətini davam etdirmişdir. Sonradan polis əməkdaşları xidməti avtomobillə yolunu kəsərək saxlatmış, bu zaman Şəxs avtomobildən yerə düşmüş, polis əməkdaşlarının ünvanına şər-böhtan xarakterli sözlər demiş, polis əməkdaşları onu nizam-intizama dəvət etməklərinə baxmayaraq o, öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərmişdir ki, 08 fevral 2024-cü il tarixdə saat 15:30 radələrində Göyçay rayonu, Şirvanmest ərazisinə yaxın yerdə yerləşən tullantı yerindən özünə məxsus “Vaz 2107” markalı avtomobillə evinə gedən zaman polis əməkdaşları xidməti avtomobillə onun yolunu kəsərək saxlatmış, ona “sənə saxla əmri işarəsi veririk avtomobili nə səbəbə görə saxlamırsan” dedikdə o, avtomobili asfalt örtüklü yola cıxaraq, yəni 100-150 metr sonra saxlamaq istədiyini bildirmişdir. Daha sonra avtomobildən yerə düşüb saxlanılmasının səbəbini soruşduqda polis əməkdaşları ona burada tez-tez oğurluq hadisələri olur, onun üçün onu saxladıqlarını deyərək ondan avtomobilin arxa yük yeri hissəsinin açmasını tələb etmişlər. O, polis əməkdaşlarına avtomobilə baxış keçirilməsi ilə bağlı akt tərtib edilməsini bildirdikdə aralarında mübahisə yaranmış, lakin həmin vaxt o, polis əməkdaşlarının ünvanına şər-böhtan xarakterli sözlər deməmiş, qanuni tələblərinə tabesizlik göstərməyərək öz razılığı ilə polis şöbəsinə getmişdir. Barəsində tərtib edilmiş protokolu əsassız və qanunsuz hesab edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri polis baş serjantı X4 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis serjantı, Elnur Səlimovla birlikdə 4 nömrəli avtopatrulda xidmət aparan zaman daxil olan məlumata əsasən Göyçay rayonu, Şirvanmest yolunda çay kənarında ağ rəngli Vaz 2107 markalı avtomobilin ATF şirkətinə məxsus yük maşınlarından dizel götürməyi barədə məlumat daxil olmuşdur. Məlumata əsasən onlar həmin ərazidə Vaz 2107 markalı avtomobili görüb yaxınlaşmaq istəyən zaman Şəxs avtomobili işə salaraq oradan uzaqlaşmaq istəmişdir. Xidməti avtomobillə ona “saxla” əmri işarəsi verilmiş, lakin o, qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətini davam etdirmişdir. Sonradan həmin avtomobilin yolunu kəsərək saxlatdıqda Şəxs avtomobildən yerə düşərək “siz kimsiz ki, məni saxladırsız, sizə imkan vermərəm bu işdə işləyəsiz paqonunuzu sökdürəcəm” sözləri işlədərək şər böhtan xarakterli sözlər işlətməyə başladı. Daha sonra onu avtomobil ilə birlikdə barəsində qanuni tədbir görülməsi üçün rayon polis şöbəsinə gətirərək avtomobili duracağa yerləşdirib sürücünü növbətçi hissəyə təhvil verilmişlər. Məhkəmədə şahid qismində izahat vermiş X5 şahid X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 fevral 2024-cü il tarixdə saat 15:30-da radələrində Göyçay rayonu, Şirvanmest ərazisində xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. xx.xx.2024-cü tarixli raportdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı Göyçay rayon Polis Şöbəsinin rəisinə müraciət edərək Şəxs barəsində qanuni tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstəriş verməyini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin dizposiyasına əsasən polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olunmaması inzibati məsuliyyətə səbəb olur. Qeyd olunan hüquq normasının tələblərinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı meyarlar olmalıdır: 1) polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməlidir: 2) bu zaman hüquqpozmanın subyekti ictimai qaydanı pozmalıdır; 3) subyekt ictimai qaydanı pozarkən, onun mühafizəsi vəzifələrini icra edən polis işçisinin tələblərinə qəsdən tabe olmamalıdır; 4) Polis işçisinin tələbi qanuni, yəni onun icra edici vəzifələrə uyğun olmalıdır. Məhkəmə, qeyd olunan hüquq normasının əsaslarını şərh etməyi zəruri hesab edir ki, ictimai qayda - qüvvədə olan qanunvericiliklə, ədalətlərlə və ənənələrlə, həmçinin mənəvi normalarla tənzimlənən, cəmiyyətdə insanlar arasında formalaşmış münasibətlər sistemi, qarşılıqlı davranış və birgəyaşayış qaydalarıdır. İctimai qayda bütün sosial norma və prinsiplərin realizə olunmasına əsaslanan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. İctimai qaydanın mühafizəsinin təmin edilməsi sahəsində polis əməkdaşlarının hüquq və vəzifələrinin həddləri və onların tələblərinin qanuni əsasları «Polis haqqında» Azərbaycan Respublikasının Qanununun normaları ilə tənzimlənir. Həmin Qanunun 5-ci maddəsinə əsasən polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 13-cü maddəsinin 7-ci bəndinə əsasən polis əməkdaşları səlahiyyətlərini həyata keçirərkən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etməlidirlər. Həmin Qanunun 13-cü maddəsində polis əməkdaşlarının ümumi vəzifələri, 14-cü maddəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri, 17-ci maddəsində polis əməkdaşlarının ümumi hüquqları, 18-ci maddəsində isə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları sadalanmışlar. Məhkəmə, işin faktiki hallarını araşdırarkən bu nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarıda qeyd olunan elementləri pozulmamışdır. Bir sözlə, ilk növbədə qeyd olunan inzibati xəta tərkibinin yaranması üçün şəxsdən tələb olunan hərəkət qanuni olmalıdır ki, ondan imtina da müvafiq məsuliyyətə səbəb olsun. Şəxs münasibətdə isə bu hal baş verməmişdir. Şəxs həmin vaxt hansısa digər hərəkəti ilə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətə yol verməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə iclasında verilən izahatlardan aydın olmuşdur ki, Şəxs oğurluq hadisəsi ilə bağlı avtomobilin arxa yük yeri hissəsinin açılması tələb olunduğu zaman həmin şəxs polis əməkdaşlarından avtomobilə baxış keçirilməsi üçün aktın tərtib olunmasını tələb etmişdir. Bu da öz növbəsində heç də polis əməkdaşının qanuni tələbinə tabe olmaması kimi qiymətləndirilə və şəxsin inzibati qaydada tənbeh edilməsinə əsas ola bilməz. Bundan başqa iş materiallarında və məhkəmə araşdırması zamanı Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını, ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolunda inzibati xətanın mahiyyəti tam göstərilməmişdir. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokolda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi əsaslandırılmamışdır. Eyni zamanda Şəxs məhkəmə iclasında özünü təqsirli bilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İXM-in 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Göyçay RPŞ-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-110/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-110/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver