Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-111/2024 09.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Göyçay rayonu, Müskürlü kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Göyçay rayonu, Müskürlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-1086/2021 saylı, 06 iyul 2021ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2009-cu il tarixdə anadan olmuş X4, xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 09 fevral 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-1086/2021 saylı, 06 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2009-cu il tarixdə anadan olmuş X4, xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Bundan sonra borclu Şəxs aliment borcundan bügünədək 300 manat, sonuncu dəfə 2023-cü ilin dekabr ayında 40 manat ödəniş etmiş, 10200 manat aliment borcu qalmışdır. Borclu Şəxs qalan məbləği bir dəfəyə ödəməyə maddi imkanı olmamışdır. Beləcə, onlar arasında razılıq əldə edilməmiş, icra sənədinin icra olunması istiqamətində çətinliklər yaratmışdır. Tələbkar Zərərçəkmiş şəxs aliment borcunu tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Hal-hazırda borclu Şəxs borclu olduğu 10200 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, aliment borcunun olmasından məlumatı var. Uşaqları 3 aya yaxın onun yanında qalmış, valideyn kimi onların bütün maddi məsrəflərini imkanı çatdığı qədər qarşılamış, tələbkar sonradan polis vasitəsi ilə uşaqlarını ondan alaraq aparmışdır. Hal-hazırda heç yerdə işləmir. Maddi imkanı olmadığı üçün aliment borcundan ödənişlər edə bilməmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-1086/2021 saylı, 06 iyul 2021ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-1086/2021 saylı, 06 iyul 2021-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi kimi əməllərin təkrar törədilməsi şərtdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb edilməmişdir. Bundan başqa icra məmuru tərəfindən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-nin 528.1-ci maddəsi göstərilməli olduğu halda, İXM-nin 528.1-1-ci maddəsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-111/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-111/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver