Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-122/2025 10.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Göyçay şəhəri, Rəsul Rza küçəsi, ev 161-də qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi : Şəxs 18 yanvar 2025-ci il tarixdə saat 12 radələrində Göyçay şəhəri, Z.Bünyadov küçəsində mərhum atasına məxsus ov silahını özünə məxsus “Zaporojets” markalı avtomobildə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmadan sənədsiz özündə saxlamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddələrinə əsasən, işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edilir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yaşayır və usta işləyir. Onun özünə məxsus “Zaporojets” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2025ci il tarixdə saat 12 radələrində özünə məxsus avtomobillə Göyçay şəhəri, Z.Bünyadov küçəsində olarkən polis əməkdaşları onu saxlatmış, həmin vaxtı polis əməkdaşları avtomobilində olan silahın sənədinin olub-olmadığını soruşmuş, o da həmin silahın sənədinin olmadığını onlara bildirmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materiallarında Şəxs aşkar edilmiş ov silahının Göyçay rayon polis şöbəsinin odlu silahın uçotu və qeydiyyat kitabında qeydiyyatda olub-olmaması araşdırılmamış, bu barədə inzibati protokola heç bir sənəd əlavə edilməmiş, maddi sübutun götürülməsi barədə protokol və mülki silah olub-olmaması barədə akt əlavə edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasını xarakterizə edən əlamətlər yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkibinin olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə yalnız mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına inzibati xətanın tərkibini yaradır. İş materiallarında silahın növü ilə bağlı akt mövcud olmadığına görə protokol tərtib etmiş orqana dəfələrlə yazılı və şifahi sorğu verilmiş, lakin sonuncu tərəfindən məhkəmənin sorğusuna cavab verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 105, 114, 128-130-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-122/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-122/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver