Məhkəmə qərarları › İş №3(046)-123/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-123/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-123/2025 26.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1990-cı ildə Göyçay rayonu Bəydövül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Bəydövül kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində tərtib edilmiş 26 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokola görə o, ondan 3080 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-nə verilməsi barədə Göyçay Rayon Məhkəməsinin 2(046)-723/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, o, Göyçay rayonu, Bəydövül kəndində qeydiyyatda olmasına baxmayaraq, səhhəti ilə bağlı Rusiya Federasiyasında olmuşdur. Barəsində çıxarılmış məhkəmə qətnaməsindən xəbəri olmamış, ona Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən rəsmi şəkildə bildiriş xx.xx.2025-ci il tarixdə verilmişdir. Onun barəsində məhkəmə qətnaməsi çıxarılan zaman Rusiya Federasiyasında olmuşdur. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsassız hesab edir. Məhkəmə iclasında inzibati xəta protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-723/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 3080 manat 68 qəpik tutularaq Zərərçəkmiş şəxs MMC-nə verilməlidir. Borclu Şəxs sms bildiriş vasitəsilə icra sənədində göstərilən məbləğin ödənilməsi barədə məlumat verilsə də, o şöbəyə gəlməmiş, icra sənədinin icrası ilə bağlı qanuni tələbləri yerinə yetirməmişdir. Yaşayış yeri məlum olmadığından haqqında 05 fevral 2025-ci ildə axtarış elan edilmişdir. Borclu Şəxs icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından haqqında axtarış elan edilmişdir. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 2(046)-723/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs 3029 manat 93 qəpik məğləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-nə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki,bildiriş Şəxs təqdim edilmiş,lakin nə vaxt təqdim edilməsi bildiriş üzərində olan yazıdan müəyyən etmək mümkün olmur. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemində sərhədkemə məlumatlardan görünür ki, Şəxs xx.xx.2023-cü ildə Rusiya Federasiyası istiqamətində ölkə hüdudlarını tərk etmişdir. Təqdim edilmiş elektron biletin surətindən görünür ki,Şəxs adına verilmiş aviabilet Moskva şəhərindən Bakı şəhəri istiqamətində verilmiş, uçuş tarixi 15 yanvar 2025-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Hazırki iş üzrə müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 723/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildiriş Şəxs haqqında axtarış qərarı icra edildikdən sonra xx.xx.2025-ci il tarixdə təqdim edilmiş,yəni borclunun məhkəmə qərarının icrası üçün faktiki olaraq imkanı olmamışdır.(Ən azından ona görə ki, tələbin könüllü icrası üçün bildiriş rəsmi olaraq verildikdən sonra icra məmuru tərəfindən 10 gün vaxt müəyyən edilir.) Belə olan halda isə hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə məsuliyyət yaranmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 114, 115, 117, 128- 130 -ci maddələrini rəhbər tutub, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar