Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-125/2025 27.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, xx.xx.1994-cü ildə Yardımlı rayonu, Zevind kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Hacıəlibəy kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 26 fevral 2025-ci il tarixdə saat 00:20 radələrində Göyçay şəhəri, Nizami küçəsində ucadan nalayiq ifadələr ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvən edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X10 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 00:20 radələrində Şəxs və onun dostu X5 şəhəri, Nizami küçəsində yerləşən “Bravo” marketdə X6 ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı hər iki tərəf onları söyüb təhqir etmiş, sonra mübahisə marketdən çöldə küçədə davam etmişdir. Həmin vaxt xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşları mübahisəni görərək onlara yaxınlaşaraq özlərini təqdim etmiş, nizam-intizama dəvət edərək sakitləşdirmək istəmiş, lakin onlar polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirməyə başlamışdır. Daha sonra Şəxs rayon polis şöbəsinə gətirilmiş, barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə dostları ilə birlikdə Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Bravo” marketə getmiş, orada alınası mallara baxan zaman qarşılarında əvvəlcədən tanımadığı bir nəfər şəxs ona “mənə baxıb nə göz vurusan” dedikdə eşitmədiyini deyərək ona tərəf getmiş, həmin vaxt “sən mənə baxıb göz atırsan” dedikdə o, “mən nə sizə baxmıram nə də göz atmıram” demişdir. Daha sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı həmin qadın onun ünvanına təhqiredici nalayiq ifadələr işlətmiş, o da qarısında qadın olduğu üçün susaraq heç bir söz deməmişdir. Sonra yanlarına İlkin adlı dostu gələrək həmin qadından üzr istəmiş, o üzünü çevirib getmək istədikdə qadın ona arxadan təpik ataraq vurmuşdur. Bir qədər sonra “Bravo” marketin işçisi onun qolundan tutaraq çölə çıxarmış, ona səbrli olmağını dedikdə heçnə etmədiyini deyərək qarşıda “Bolluq” market adlı mağazaya getmiş, orada su alaraq çölə çıxmışdır. Sonra bir nəfər mülki geyimli şəxs onu çağırmış, həmin şəxsə yaxınlaşdıqda o “xanımları niyə söymüsən” deyə soruşduqda, söyüş söymədiyini demişdir. Həmin şəxsdən kim olduğunu soruşduqda Göyçay rayon prokurorluğun əməkdaşı olduğunu bildirmişdir. Daha sonra oraya polis əməkdaşları yaxınlaşmış, ona avtomobilə əyləşməyini bildirdikdə o heç bir etiraz etməmiş, dostu İlkin də onunla birlikdə xidməti avtomobilə əyləşərək rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində 2 gün saxlanılmış, sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 şahid qismində izahat verərək göstərmişdir ki, Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə xidmətdə olan zaman iki nəfər şəxsin qizlarla mübahisə etməsi ilə bağlı növbətçi hissədən çağırış gəlmiş, çağırışa əsasən onlar Göyçay şəhəri, Nizami küçəsinə getmişlər. Orada olarkən Şəxs və X9 “Bravo” marketin qarşısında qızlarla mübahisə etdiyini görmüşlər. Bununla bağlı həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, məsələnin aydınlaşdırılması ilə əlaqədar onlarla birlikdə rayon polis şöbəsinə getməli olduqları bildirildikdə onlar etiraz etməyərək xidməti avtomobilə əyləşmiş, rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Orada olarkən Şəxs qızların ünvanına qarşı nalayiq ifadələr işlətdiyini görməmiş, onların qanuni tələblərinə heç bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 şahid qismində izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə növbətçi hissədən məlumat daxil olmuş, məlumata əsasən iki nəfər şəxsin Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Bravo” marketin qarşısında qızlarla münaqişə etdiyi bildirilmişdir. Məlumat əsasında həmin yerə yaxınlaşmışlar, orada olarkən Şəxs və X9 iki nəfər qızla mübahisə edərək söyüş söydüyünü görmüşlər. Onlara yaxınlaşaraq özlərini təqdim etmiş, bu zaman onlar nizam-intizamsızlıq edərək müqavimət göstərmiş, qanuni tələblərinə tabe olmamışlar. Daha sonra onlar barəsində qanuna müvafiq tədbirlər görülməsi üçün xidməti avtomobilə əyləşdirib rayon polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Şəxs müdafiəçisi X7 çıxış edərək bildirdi ki, DVD diskə köçürülmüş video görüntülərdən və şahid ifadələrindən, həmçinin şahidlərin məhkəmə iclasında verdiyi ziddiyətli ifadələrdən görünür ki, hüquqlarını müdafiə etdiyi şəxsin təqsiri yoxdur. Əksinə ictimai yerdə müdafiə etdiyi şəxsin ünvanına qarşı nalayiq ifadələr işlədilmiş, təpiklə vurulmuşdur. Hesab edir ki, müdafiə etdiyi şəxsin əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 26 fevral 2025-ci il tarixdə saat 00:20 radələrində Göyçay şəhəri, Nizami küçəsində ucadan nalayiq ifadələr ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvən edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır; - İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:30-da inzibati qaydada tutulmuşdur. - DVD diskə köçürülmüş video görüntülərdən görünür ki, Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Bravo” marketin içərisində Rəşidə Əliyarova Şəxs əl işarəsi ilə yanına çağırmış, Şəxs ona yaxınlaşmış, bu zaman aralarında mübahisə yaranmış, ətraflarına insanlar toplanmış, mübahisə zamanı ictimai yerdə Rəşidə Əliyarova Şəxs təpiklə vurmuşdur. Daha sonra mübahisə çöldə davam etmiş, Şəxs bir qədər sonra oradan uzaqlaşmış, yenidən həmin yerə gələrək bir nəfər şəxslə avtomobilin yanında söhbət etməyə başlamış, sonra oraya Göyçay rayon polis şöbəsinin PPXB-nin avomobili gəlmiş, iki nəfər polis əməkdaşı Şəxs yaxınlaşaraq danışıqlar aparmış və Şəxs xidməti avtomobilə əyləşərək polis əməkdaşları ilə birlikdə oradan uzaqlaşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Butkeviç Rusiyaya qarşı işi üzrə (xx.xx.2018) qəbul etdiyi qərarında qeyd etmişdir ki, Məhkəmə əvvəllər Rusiya ilə bağlı ictimai tədbirlərin keçirilməsi qaydalarını pozmaqda və ya polisin dağılmaq əmrinə tabe olmamaqda ittiham olunan şəxslərə qarşı inzibati icraata dair ərizələrə baxıb. Həmin proseslərdə birinci instansiya məhkəmələri polisin təqdimatlarını asanlıqla və birmənalı şəkildə qəbul etmiş və ərizəçilərin əksini sübut edən hər hansı bir sübut təqdim etmək imkanını rədd etmişlər. Məhkəmə qərara aldı ki, ittihamların əsasını təşkil edən əsas faktlarla bağlı mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə fəal rol oynamış polis məmurlarıdır, məhkəmələrin onların ittihamedici ifadələrini yoxlamaq üçün bütün ağlabatan imkanlardan istifadə etməsi zəruridir. Məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, inzibati xəta haqqında iş üzrə materialları tədqiq edərək, o nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmiş və inzibati işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, polisin hansı qanuni tələblərinə tabe olmaması, ictimai qaydanı pozması, tabe olmamasının və ictimai qaydanı pozmasının nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Bravo” marketin içərisində X3 ünvanına nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, onun ünvanına “Bravo” marketin içərisində ictimaiyyətin toplaşdığı yerdə Rəşidə adlı qız onu yanına çağıraraq mübahisə etmiş, nalayiq ifadələr işlədmiş, təpiklə vurmuşdur. Bu hal öz əksini videogörüntələrdə də tapmışdır. Məhkəmə şahid ifadələrinə qiymət verərək qeyd edir ki, şahidlərin məhkəmə iclasında verdiyi izahatlar arasında ziddiyətli məqamlar yaranmışdır. Belə ki, şahid Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 izahatında göstərdikləri xüsusatlarla DVD diskə köçürülmüş video görüntülər biri-birini təkzib edir. Belə olan halda şahid izahatları inzibati xəta faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa inzibati qaydada həbs edilmiş şəxs özünü təqsirli bilmədiyindən polis əməkdaşları ilə yanaşı hadisənin şahidi olmuş digər şəxslərin (ətrafda yaşayan və RPŞ-də bilavasitə bu hadisənin şahidi olmuş şəxslər) bir qismi müəyyən edilməklə izahatları alınmalı, yəni yalnız eyni xidməti funksiyanı həyata keçirən, eyni zamanda mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə rol oynamış polis əməkdaşlarının izahatları ilə kifayətlənməməli idi. Bu hal inzibati araşdırmanın səthi və natamam aparılmasını göstərməklə yanaşı, vətəndaşa münasibətdə qərəzsizliyi şübhə altına alır. İş materiallarına əlavə edilmiş DVD diskə köçürülmüş video görüntülərdə Şəxs Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Bravo” marketin içərisində X3 ünvanına nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması əks olunmur. Əksinə görüntülərdə Şəxs PPXB-nin əməkdaşlarına qarşı heç bir tabesizlik göstərmədiyi, onlarla birlikdə avtomobilə əyləşdiyi müəyyən edilmişdir. Bununla da, Şəxs hərəkətlərində ictimai qaydanın pozulması və polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması faktı şübhə doğurur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, həmin gün Şəxs əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X4 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-125/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-125/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver