Məhkəmə qərarları › İş №3(046)-139/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-139/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-139/2024 06.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Ağsu rayonu, Bico kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan və Bakı şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən mərhum əri X1 qalmış qoşalüləli, “Toz-25” markalı, 16 kalibrli, 12984 nömrəli ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan özündə saxlanılmasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(046)-832/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 1 ədəd qoşalüləli, “Toz-25” markalı, 16 kalibrli, 12984 nömrəli ov silahı müsadirə edilməklə, 80 manat məbləğində cərimə edilmişdir. Şəxs həmin qərardan şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(107)-32/2024 saylı qərarına əsasən şikayət qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək işə yenidən baxılması göndərilmişdir. Göyçay rayon Polis Şöbəsinin sahə rəisi X7 izahat verərək bildirdi ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X9 xx.xx.2023-cü il tarixdə təhkim olunduğu 11 saylı inzibati ərazi üzrə polis nəfəri Elçin Nəbiyevlə birlikdə vətəndaşlarda olan mülki silahları yoxlayərkən Göyçay rayonu, Bığır kəndində yaşayan X3 məxsus mülki silahın dövriyyəsinə nəzarətin həyata keçirilməsi məqsədi ilə evinə getmiş, yalnız evdə heç kim olmadığından qonşulardan İldırım Salmanovun vəfat etdiyini və həyat yoldaşı Şəxs Bakı şəhərində yaşadığını öyrənmişdir. Bundan sonra Fərid Nağıyev telefon vasitəsilə Şəxs ilə əlaqə saxlamış və müəyyən olunmuşdur ki, sonuncu mərhum ərinə məxsus “Toz-25” markalı, 16 kalibrli, 12984 nömrəli ov silahının müvafiq icra hakimiyyəti orqanınının xüsusi icazəsi olmadan öz evində saxlamışdır. Şəxs sözügedən silahı Göyçay rayonuna gələrək Polis Şöbəsinə təhvil vermişdir. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan öz evində bir ədəd qoşalüləli, “Toz-25” markalı, 16 kalibrli, 12984 nömrəli ov silahının saxlanılması ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, mərhum ərinin vəfatından 1 il 8 ay sonra, yəni 2023-cü ilin noyabr ayının 17-də Göyçay rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən onun mobil telefonuna zəng gəlmiş, mərhum əri İldırım Salmanovu axtarmış, polis əməkdaşına axtarılmasının səbəbini soruşduqda, polis əməkdaşı ona İldırım Salmanovdan qalmış silahın qeydiyyatı ilə bağlı zəng etdiyini demişdir. O, polis əməkdaşına hal-hazırda Bakı şəhərində yaşadığını, həmin silahın qeydiyyatda olduğu Göyçay rayon Bığır kəndində olduğunu, rayona gəldikdən sonra silahı gətirib təhvil verəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ünvana heç bir yoxlama gəlməmiş, ərinin vəfat etdiyini və həmin silahın evdə saxlanıldığını polis əməkdaşına o demişdir. Həmçinin, ərinin yegənə vərəsəsi o olmuşdur, mərhum ərindən qalan mirasın onun tərəfindən həm notariusa ərizə verməklə həm faktiki olaraq onun tərəfindən qəbul etmişdir. Lakin silahın evdə saxlanılması üçün şəhadətnamənin tələb olunduğunu bilməmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol əsassızdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X4 rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyevə müraciət edərək xx.xx.2023-cü il tarixdə təhkim olduğu 11 saylı inzibati ərazi üzrə Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Elçin Nəbiyevlə birlikdə vətəndaşlarda olan mülki ov silahlarını yoxlayan zaman Göyçay rayonu, Bığır kənd sakini Şəxs müvafiq icra hakimiyyəti orqanınının xüsusi icazəsi olmadan öz evində bir ədəd qoşalüləli, “Toz-25” markalı, 16 kalibrli, 12984 nömrəli ov tüfəngini saxlaması tərəfindən aşkar edilmişdir. Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətləri İctimai birliyinin Ucar rayon Ovçuların 2 saylı dayaq məntəqəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, qoşalüləli, “Toz-25” markalı, 16 kalibrli, 12984 nömrəli ov tüfəngi yivsiz lüləli mülki ov silahıdır. xx.xx.2023-cü il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, qoşalüləli, “Toz-25” markalı, 16 kalibrli, 12984 nömrəli ov silahı hal şahidlərinin iştirakı ilə götürülərək Göyçay rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, 3-13-76/2-44151/23 saylı məktubdan görünür ki, qoşalüləli, “Toz-25” markalı, 16 kalibrli, 12984 nömrəli ov tüfəngi yivsiz ov silahı Göyçay rayon Polis Şöbəsinin odlu silahın uçotu və qeydiyyat kitabında S-104 nömrəli şəhadətnamə əsasında qeydiyyatdadır. Göyçay rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-76/2-8945/2024 saylı məktubdan görünür ki, İldırım Salmanovun ölümü barədə onun adına şəhadətnamə əsasında verilmiş mülki ov silahının dövriyyəsinə nəzarət keçirilən zaman məlumat əldə olunmuş və elə həmin tarixdə onun arvadı Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 144 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 yeganə vərəsəsi Şəxs miras qalmış əmlaka dair Göyçay rayon notariat ofisi tərəfindən xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixlərində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1256-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasən miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, Şəxs mirasdan imtina ilə bağlı notariat ofisinə müraciət etməmiş, əksinə mərhum ərindən qalan miras əmlaka dair Göyçay notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. X1 miras qalmış bir ədəd qoşalüləli, “Toz-25” markalı, 16 kalibrli, 12984 nömrəli ov silahına isə sahiblik edərək mirası faktiki olaraq qəbul etmişdir. Mülki silahın dövriyyəsi ilə bağlı tədbirlərə dair xx.xx.20217-ci il tarixli, G-7-001-17 nömrəli göstərişdən görünür ki, xidməti və mülki silahın dövriyyəsinə müvafiq icra hakimiyyəti orqanına tərəfindən nəzarət edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin İ hissəsinə əsasən vətəndaş qanuni əsaslarla mülkiyyətində olan mülki silahı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını əvvəlcədən xəbərdar etməklə mülki silahı əldə etmək üçün xüsusi icazəsi olan şəxsə bağışlaya və ya vəsiyyətlə miras qoya bilər. Həmin Qanunun 14-cü maddəsinin İİ hissəsinə əsasən qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, ya müvafiq icra hakimiyyəti orqanına təhvil verməli və ya satmalıdır. Həmin Qanunun 19-cu maddəsinin, İ hissəsinin 1-ci və 6-cı bəndinə əsasən mülki silahın sahibi öldükdə, vərəsələr tərəfindən miras əmlakla bağlı məsələlər həll edilənədək xidməti və ya mülki silah Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən geri alınır. İş materiallarından göründüyü kimi Şəxs miras qalmış silahı faktiki olaraq qəbul etməsinə baxmayaraq müvafiq icra hakimiyyəti orqanından xüsusi icazənin alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində müraciət etməmişdir. Həmçinin, Göyçay rayon Polis Şöbəsi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada X6 vəfat etdikdən sonra vərəsələr tərəfindən miras əmlakla bağlı məsələlər həll edilənədək xidməti və ya mülki silah geri alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Yuxarıda qeyd olunanlardan məhkəmə belə nəticəyə gəlir ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi və saxlanılması uzanan inzibati xətadır. Bu səbədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətin pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan aşağı həddə - 80 (səksən) manat miqdarında inzibati cərimənin və inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd qoşalüləli, “Toz-25” markalı, 16 kalibrli, 12984 nömrəli ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar