Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-156/2023 21.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X2, xx.xx.1988-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola görə o, Göyçay rayon Məhkəməsinin 2(046)-845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar tələbkar Zərərçəkmiş şəxs 3000 manat pulun ödənilməsi barədə tələbin icrasından boyun qaçıraraq Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 11, 01 saylı evdə yaşamasına baxmayaraq müəyyən müddət ölkə ərazisində olmamış, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən axtarış qərarı qəbul edilərək Göyçay rayon Polis Şöbəsinə göndərildikdən sonra polis əməkdaşlarının təkidi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsinə gəlmiş, orada icra məmuru tərəfindən ona Zərərçəkmiş şəxs 3000 manat pul borclu olduğu bildirilmişdir. Lakin barəsində çıxarılmış məhkəmə qətnaməsindən xəbəri olmamış, ona Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən rəsmi şəkildə heç bir məlumat verilməmişdir. Barəsində məhkəmə qətnaməsi çıxarılan zaman Rusiya Federasiyasında olmuşdur. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsassız hesab edir. Məhkəmə iclasında inzibati xəta protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahat verərək bildirdi ki, Göyçay rayon Məhkəməsinin 2(046)-845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Şəxs 3000 manat pulun alınaraq zərər çəkmiş Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Göyçay rayon Məhkəməsinin 2(046)-845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi başqa icra məmurunun icraatında olmuş, borcluya rəsmi şəkildə icraata başlamaq haqqında qərar və çağırış vərəqələri göndərilmişdir. Borclu Şəxs borcundan bu günədək heç bir ödəniş etməmişdir. Proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Göyçay rayon Məhkəməsinin 2(046)-845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 3000 manat pulun alınaraq zərər çəkmiş Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra işi materiallarında olan «İcraata başlama haqqında» 05 iyul 2017-ci il tarixli qərarla Göyçay rayon Məhkəməsinin 2(046)-845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Lakin tələbin könüllü icrasına dair bildirişin borclu Şəxs təqdim edilib-edilməməsi və ya poçt vasitəsilə ona çatdırılmasını təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamış, icra işinə əlavə edilmiş sənədlərdən də tələbin könüllü icrasına dair bildirişin borclu Şəxs çatdırılmasını təsdiq edən sənədin olması müəyyən olunmur . Göyçay rayon Məhkəməsinin 2(046)-845/2017 saylı iş materiallarına baxış keçirilən zamanı cavabdeh Şəxs məhkəmə bildirişi çatdırılmamış, iddia ərizəsində qeyd olunmuş ünvanda yaşamaması səbəbindən zərf geri qaytarılmışdır. Bundan başqa iş üzrə çıxarılmış Göyçay rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(046)-845/2017 saylı qiyabi qətnaməsinin cavabdeh Şəxs rəsmi çatdırılması müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Hazırki iş üzrə müəyyən edilmişdir ki, Göyçay rayon Məhkəməsinin 2(046)- 845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Şəxs 3000 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin icra sənədi əsasında 05 iyul 2017-ci il tarixdə Göyçay rayon İcra və Probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin həmin bildirişin borcluya rəsmi qaydada təqdim edilməsi təmin edilməmişdir. Bundan başqa Göyçay rayon Məhkəməsinin 2(046)-845/2017 saylı iş materiallarından da görünür ki, cavabdeh Şəxs göndərilmiş məhkəmə bildirişləri iddia ərizəsində qeyd olunmuş ünvanda yaşamaması səbəbindən geri qaytarılmış, iş üzrə qəbul edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(046)-845/2017 saylı qiyabi qətnaməsinin surəti də ona rəsmi qaydada verilməmişdir. Belə olan halda isə hesab edirəm ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi halı, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 114, 115, 117, 128- 130 -ci maddələrini rəhbər tutub, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-156/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-156/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver