Məhkəmə qərarları › İş №3(046)-158/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-158/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-158/2023 06.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs TOZ 53 markal, ******* nömrəli ov tüfəngini müvafiq icazə almadan özündə saxlamış, mülki silahın qeydiyyat qaydasını pozmuşdur. İnzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, TOZ 53 markal, ******* nömrəli ov tüfəngi onun qanuni sahibliyindədir. Həmin tüfəngi xx.xx.2023-cü il tarixdə ov etmək həmkəndlisinə vermişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN-nin Göyçay RPŞ tərəfindən verilmiş X-37 nömrəli şəhadətnamənin surətindən görünür ki, TOZ 53 markalı ******* nömrəli ov tüfəngi saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. Məhkəməyə təqdim edilmiş Şəxs tərəfindən Hacıqabul rayon Polis şöbəsində verilmiş xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə TOZ 53 markalı ******* nömrəli ov tüfəngini ov etməsi üçün həmkəndlisi Amil Süleymanova vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən - müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görəsilah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Şəxs TOZ 53 markalı ******* nömrəli ov tüfəngi saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün xüsusi icazə almışdır. Lakin Şəxs qeyd edilən ov tüfəngini saxlanılması qaydalarını pozmuş, ov etmək üçün başqa şəxsə vermişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, Şəxs törətmiş olduğu inzibati xəta İXM-nin 590.2-ci maddəsinin tərkibini deyil, İXM-nin 590.1-ci maddəsinin tərkibini yaradır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası İXM-də yuxarıda bəhs edilən vəziyyətdə məhkəmə tərəfindən hansı qərarların qəbul edə bilməsinin dairəsi və hədləri müəyyən edilməmişdir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli qərarında həmin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016cı il 2 noyabr tarixli Qərarına istinad edilməklə qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsindən, Həmin Məcəllənin 590.1-ci maddəsinə tövsif edilməli və ona inzibati xətanın obyekti olmuş ov tüfəngi müsadirə edilməməklə, 50 manat inzibati qaydada cərimə təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilinib, ona 50 manat inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar