Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-165/2025 14.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon polis şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, Ə.Kərim küçəsi, dalan 2, ev 5-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə 15:50 radələrində Göyçay şəhəri, Nəriman Nərimanov küçəsində rayon prokurorluğunun qarşısında xidməti vəzifəsini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 raportla rayon polis şöbəsinin rəisinə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə şəhər ərazisində xidmətdə olduqları zaman saat 15:50 radələrində Şəxs Göyçay şəhəri, Nəriman Nərimanov küçəsində rayon prokurorluğunun qarşısında əlində olan benzin vasitəsini üstünə tökərək ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib törətdiyi inzibati xəta pozuntusunu ona izah edən zaman Şəxs ətrafda olan insanların fikrini qərəzli şəkildə özünə cəlb edərək öz hərəkətlərini davam etdirməyə başlamış, polis əməkdaşları onu dəfələrnən nizam-intizama dəvət etmiş, lakin o polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra Şəxs barəsində qanuni tədbirlər görülməsi üçün rayon polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil verilmiş, barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay şəhəri, Ə.Kərim küçəsi, dalan 2, ev 5-də yaşayır. Arvadı Göyçay rayonu, Qarabaqqal kəndində baxça müdürü işləyir. Arvadının cinayət işi ilə bağlı Baş Prokurorluğa şikayət etmiş, həmin şikayət baxılması üçün aidiyyəti üzrə Göyçay rayon prokurorluğuna göndərilmişdir. Göyçay rayon prokurorunun böyük köməkçisi Nicat müəllim xx.xx.2025-ci il tarixdə saat 11-12 radələrindən axşam saat 00:00 radələrinə kimi arvadını demək olar ki, hər gün prokurorluğa çağırır, lakin heç bir iş görməyərək süründürməçiliyə yol vermişdir. Bununla bağlı o, prokurorluğa gedərək Nicat müəllimə işin düzgün araşdırılmasını və belə hallara yol verməməsini demiş, lakin sonuncu onun sözlərinə məhəl qoymamışdır. Göyçay rayon prokurorluğunun qarşısında olarkən heç bir nalayiq ifadələr işlətməmiş, artıq bezdiyi üçün prokurorluqla üzbəüz yolun sağ kənarında benzin üstünə töküb özünü yandırmaq istəmişdir. Bu zaman polis serjantı Tural adlı şəxs ona yaxınlaşaraq alışqanı əlindən almış, onu sakitləşdirməyə çalışaraq xidməti avtomobilə əyləşdirmişdir. O, polis əməkdaşlarına qarşı heç bir təzyiq göstərməmiş, nalayiq ifadələr işlətməmiş, polisin qanuni tələblərinə riayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs arvadının işi ilə bağlı rayon prokurorluğuna gəlmiş, prokurorluğun inzibati binasında səs-küy salaraq nalayiq ifadələr işlətmiş, oradan çıxanda “gedirəm özümü yandırmağa” deyərək qaçıb getmişdir. Daha sonra avtomobil ilə benzin alıb gələrək benzin vasitəsini üstünə tökmüş, özünü yandırmaq istəyən zaman əlində olan alışqanı almaq istəmiş, həmin vaxt onun üstünə də benzin tökülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Göyçay rayon prokurorluğunda xidmət aparan zaman Şəxs rayon prokurorluğunun qarşısında səs-küy salaraq “gedirəm özümü yandırmağa” deyərək avtomobilə əyləşərək oradan uzaqlaşmış, 5-10 dəqiqə sonra yenidən avtomobil ilə gələrək avtomobildən düşmüş, əlində olan benzini üstünə tökərək yandırmaq istəmişdir. Daha sonra digər polis əməkdaşı ilə birlikdə onun əlində olan butulkanı alaraq onu sakitləşdirmişlər. Şəxs həmin vaxt nalayiq ifadələr işlətdiyini eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə 15:50 radələrində Göyçay şəhəri, Nəriman Nərimanov küçəsində rayon prokurorluğunun qarşısında xidməti vəzifəsini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2025-ci il tarixli, 027473 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə 15:50 radələrində Göyçay şəhəri, Nəriman Nərimanov küçəsində rayon prokurorluğunun qarşısında xidməti vəzifəsini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, ictimai qayda - bir sıra hüquq normaları və digər sosial məqbul normalarla tənzimlənən, insanın cəmiyyətdə maneəsiz və münaqişəsiz fəaliyyətinə təminat verən mövcud ictimai münasibətlər sistemi deməkdir. İctimai qayda qanunla və digər sistemlərin normaları ilə tənzimlənən, habelə ilk növbədə ictimai yerlərdə formalaşan bütün ictimai münasibətlər daxildir. Polis şöbəsinin inzibati binasının qarşısı ictimai yer hesab edildiyindən orada müəyyən olunmuş qaydaların pozulması ictimai qaydanın pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının “Polis haqqında” Qanuna əsasən polisin əsas vəzifələrində biri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və onun səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən (10) on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-165/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-165/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver