Məhkəmə qərarları › İş №3(046)-166/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-166/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-166/2025 14.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1993-cü ildə Zərdab rayonu Alıcanlı kəndində anadan olmuş,subay, orta təhsilli, işləməyən, Zərdab rayonu Alıcanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 13 mart 2025-ci il tarixdə saat 16.05 radələrində Göyçay rayonu Potu kəndində ictimai qaydanın mühafizə vəzifəsini icra edən Göyçay Rayon Polis şöbəsinin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 13 mart 2025-ci il tarixdə saat 16.05 radələrində Göyçay rayonu Potu kəndi ərazisində atasına məxsus «VAZ 2107» markalı ** HZ *** dövlət nömrə nişanlı avtomobillə gedən zaman yol patrul xidməti əməkdaşları xidmətdə olan avtopatrul avtomobili ilə ona saxla əmri vermiş o dərhal avtomobili yolun kənarına çəkərək saxlamış və yol patrul xidməti əməkdaşları ona yaxınlaşaraq sənətlərini istəmişdir. O sənədləri vermiş və saxlanmağının səbəbini soruşmuş polis əməkdaşlarıda ona idarə etdiyi avtomobilinin ön şüşəsində qırıq olmasına görə saxladıqlarını bildirmişlər, 100 manat cərimə olduğunu burda həll edə bilərik demişlər. Polis əməkdaşları ondan «gücün nəyə çatır» sorumuş o da demişdir ki «üstündə pul azdır». Polis əməkdaşları ona 50 manat ver get demiş o da demişdir ki 9 manat pulu var. Bundan sonra polis əməkdaşları ona gedək polis şöbəsində həll edərik dedilər. O tələsdiyindən «cəriməni yazın sənətlərini verin getmirəm» demişdir. Daha sonra yol patrul xidməti əməkdaşları xidmətdə olan post patrul xidmətinin əməkdaşlarını köməyə çağırdılar. Həmin yerə 2 post patrul xidmətinin əməkdaşı gələrək onu boğaz hissəsindən tutaraq post patrul avtomobilinə mindirdilər. Rayon polis şöbəsinə gətirilikdə şöbədə yol polisinin rəisi və yol patrul xidmətinin polisi Şahin onu vuraraq yerə yıxdılar və baş nahiyəsinə təpiklə vurmuşlar. Törətdiyi əmələ görə özünü qismən təqsirli bilir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon X3 X4 inspektoru Şahid2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 16.05 radələrində Göyçay-Ucar yolunun 2-ci km-də polis baş serjantı Şahid1 ilə xidmətdə olan zaman «VAZ-21074» markalı **-HZ-*** dövət nömrə nişanlı avtomobilin sürücüsü qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığı üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün idarə etdiyi avtomobilinin qabaq alın şüşəsində böyük sınıqlar olduğu və standartlara uyğun olmadığı sürücüyə izah olundu. Törətmiş qayda pozuntusunun yerində aradan qaldırmaq mümkün olmadığı üçün maşının duracağa yerləşdirilməsi sürücüyə izah olundu. Lakin sürücü bununla razılaşmayaraq onlarla kobud danışaraq mübahisə etməyə başladı. Onlar sürücünü qanuna tabe olmağı deyərək avtomobilin duracağa getməyini bildirmişlər. Lakin yenədə dəfələrlə deməklərinə baxmayaraq sürücü onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Belə olan halda onlar radio-cihaz vasitə ilə post patrul xidmətindən kömək istəmişlər. Daha sonra həmin yerə post-patrul xidməti yaxınlaşdı. Sürücünü nizam-intizama dəvət etsələrdə, sürücü yenədə onların qanuni tələbərinə tabe olmamış və sürücünü post-patrul maşınına əyləşdirərək polis şöbəsinə gətirdilər. Sürücünün idarə etdiyi avtomobilidə evakuatorla duracağa aparmışlar. Rayon polis şöbəsində Şəxs qarşı heç bir təyziq, vurma döymə halları olmamışdır. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon X3 X4 inspektoru Şahid1 Şahid2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid4 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Göyçay RPŞ-nin PPXB-nin polis baş serjantı Şahid3 Zeynal oğlu ilə birlikdə avtopatrulda xidmət olan zaman həmin tarixdə saat 16.20 radələrində Göyçay RPŞ-nin YPX-nin əməkdaşları radiorabitə vasitəsi ilə əlaqə saxlayaraq Göyçay rayonu, Potu kəndi ərazisindn keçən “Şirvan Kanalının” yaxınlığına gəlməklərini bildirmişlər. Onlar həmin əraziyə yaxınlaşan zaman orada olan 1 nəfər sürücünün YPX inspektorlarına qarşı tabesizlik etdiyini, avtomaşını duracağa aparmaqlarına icazə verməyərək avtomaşının açarlarını təqdim etmədiyini müəyyən etmişlər. Tərəflərindən həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək törətdiyi inzibati xətanı ona izah edən zaman həmin şəxs yolun hərəkət hissəsində olan sürücülərin fikrini qərəzli şəkildə özünə cəlb edərək öz hərəkətlərinə qərəzli şəkildə davam edirdi. Onlar həmin şəxsi dəfərlərlə nizam-itnizama dəvət etsələrdə həmin şəxs onların ünvalarına qarşı yenidən nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə qsədən tabe olmamışdır. Daha sonra onlar həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid3 Zeynal oğlu Şahid4 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilmişdir.Baxışdan görünür ki,YPX əməkdaşları idarə etdikləri xidməti avtomobillə «VAZ-21074» markalı **-HZ-*** dövət nömrə nişanlı avtomobili saxlamış,polis əməkdaşları Şəxs yaxınlaşaraq qayda pozuntusu barədə məlumat verərək sənədlərin təqdim edilməsini təklif etmiş,Şəxs sənədləri təqdim etmiş,sonra avtomobilin qabaq hissəsinə baxdıqda polis əməkdaşları nasazlığı aşkar edib bu barədə sürücüyə məlumat vermiş,sonra PPX-in avtomobili yaxınlaşmış,Şəxs avtomobilə əyləşdirilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16.55-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin Qanunun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ hissəsinə görə polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq,ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16.55-də xidməti vəzifədə olan YPX-in əməkdaşları tərəfindən saxlanılmış,idarə etdiyi avtomobilin ön şüşəsinin qırıq-qırıq olması səbəbindən nəqliyyat vasitəsinin istismarı qadağan edildiyinə görə duracaqda yerləşdirilməsi barədə polis əməkdaşının tələbinə tabe olmamış,daha sonra həmin yerə yaxınlaşan PPXB-in əməkdaşlarına qanuni tələblərinə tabe olmamışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə inzibati tənbehin məqsədlərinə uyğun olmadığından müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın ictimai qayda əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. Bundan başqa inzibati xəta törətmiş şəxsin vətən müharibəsi iştirakçısı olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması,eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hal olması da nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətaya görə həmin maddənin sanksiyasının aşağı həddi daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:55-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar