Məhkəmə qərarları › İş №3(046)-175/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-175/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-175/2023 14.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, "xxxx" Fermer Təsərrüfatı MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : «Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunmuşdur ki, Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olan hüquqi şəxs "xxxx" Fermer Təsərrüfatı MMC Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük proseduranda konsiqasiya yolu ilə rəsmiləşdirməklə xx.xx.2021-ci il tarixli **********8321 saylı və xx.xx.2021-ci il tarixli **********0150 saylı gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 6000 ABŞ dolları (10200 manat) məbləğində vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürməmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" Fermer Təsərrüfatı MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Rauf Rzayev tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 3(046)-744/2022 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli 01400-4039/22 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olan hüquqi şəxs «X1» MMC Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə xx.xx.2021-ci il tarixli **********8321 saylı və xx.xx.2021-ci il tarixli **********0150 saylı gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 6000 ABŞ dolları (10200 manat) məbləğində vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürməmişdir. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolun və işə baxılmanın yeri və vaxtı haqqında qərardadın surəti «X1» MMC-yə göndərilmişdir. xx.xx.2021-ci il tarixli **********0150 saylı gömrük bəyannaməsindən görünür ki, 2021-ci ildə qida üçün yararlı 18025 kq təzə xurma ixrac edilmişdi. xx.xx.2021-ci il tarixli **********8321 saylı gömrük bəyannaməsindən görünür ki, 2021-ci ildə qida üçün yararlı 18750 kq təzə xurma ixrac edilmişdi. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, "xxxx" MMC nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. "xxxx" MMC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 may 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.1 və 12.2-ci bəndləri). Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən carici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İXM-in 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Qaydaların 12.3-12.5-ci bəndlərinə görə, Dövlət Gömrük Komitəsi ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin ölkəyə köçürülməsinə və gətirilməsinə nəzarət edən orqan kimi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülməsini təmin etməlidir. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Palata tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Palataya ötürməli, Palata isə müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Dövlət Gömrük Komitəsinə məlumat verməlidir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Mövcud sübutlar əsasında müəyyən edilir ki, «X1» MMC qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddət ərzində konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən Qərarında da qeyd edildiyi kimi, qanunvericilik ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsi və gətirilməsi qaydalarını müəyyən etmiş və buna nəzarəti müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dövlət Gömrük Komitəsinin üzərinə qoymuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan başqa iş materiallarına əlavə edilmiş «X1» MMC və "xxxx" MMC arasında bağlanmış 1881 nömrəli müqavilə və kredit qeydlərindən (səh. 36-42) görünür ki, həmin sənədlər azərbaycan dilinə tərcümə edilmədən təqdim edilmiş, iş materiallarına əlavə edilmişdir. Halbuki, İXM-in 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Təqdim edilmiş materiallardan görünür ki, "xxxx" MMC hüquqi şəxs hesab edilir. Məhkəmə "xxxx" MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq "xxxx" MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: "xxxx"-yə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləği olan 6000 ABŞ dollarının otuz faizi miqdarında yəni, 1800 ABŞ dolları məbləğində inzibati cərimə təyin edilsin. Təyin edilmiş 1800 ABŞ dolları məbləğində cərimə ödəniş gününə Azərbaycan manatı ilə hesablansın. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar