Məhkəmə qərarları › İş №3(046)-180/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-180/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-180/2024 28.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, müdafiəçi Vəkil və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə, xx xxxxxxxx 1967-ci il tarixdə Göyçay rayonu, 1-ci ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə 28 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-1809/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 65000 manat borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun izahatı alınmış və o, izahatında ödəməli olduğu 65000 manat pulu borcun əvəzinə tələbkar və onun qardaşına özünə məxsus obyekti verdiyini və ona görə də özünü borclu hesab etmədiyini bildirmişdir. Bundan başqa borclu Şəxs icra sənədi üzrə bugünədək tələbkara heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə əmlakla bağlı mübahisə yarandığı üçün borclunun əmlakının üzərinə həbs qoyulması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilmiş, həmin təqdimat təmin edilmişdir. Sonradan əmlakı alqı-satqı müqaviləsi üzrə almış şəxs tərəfindən həmin sənəd mübahisələndirilmiş, uzun müddətdir ki, əmlakla bağlı gedən mübahisələrə görə icra sənədinin icrası dayandırılmışdır. Göyçay Rayon Məhkəməsinin 3(046)-469/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1809/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 65000 manat pulun tututularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən tələbkara heç bir borcu yoxdur. Tələbkarın ondan tələb etdiyi pulun əvəzi olaraq adına olan obyekti notariat qaydasında alqı-satqı edərək vermiş, lakin tələbkar bununla razılaşmayaraq onu yenidən məhkəməyə verərək həmin pulu ondan tələb etmişdir. Sözügedən məhkəmə qətnaməsinin çıxarılmasından xəbəri olmamış, üzrlü səbəbdən müddətin buraxılması ilə bağlı məhkəməyə vəsatətlə müraciət etmiş, vəsatəti təmin edilməmişdir. Bundan başqa icra məmuru tərəfindən barəsində protokol tərtib edilib məhkəməyə gətirilən zaman borcundan 1000 manat ödəniş etməsini, qalan məbləği aylıq əmək haqqısından 300 manat tutulmasını bildirmiş, lakin məhkəmə dediklərini nəzərə almayaraq barəsində 10 gün müddətinə inzibati həbs seçmişdir. Həbs olunduğundan işdən çıxarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-1809/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə yaranmış 65000 manat borcunu ödəməkdən yayınmışdır; İcraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1809/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(046)-1809/2016 saylı icra vərəqəsi üzrə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Göyçay Rayon Məhkəməsinin 3(046)-469/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmurunun və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu məhkəmə aktı ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs sonuncu həbs müddəti bitdikdən sonra, yəni 13 avqust 2023-cü il tarixdən bugünədək kifayət qədər vaxtı olmasına baxmayaraq borcundan heç bir ödəniş etməmişdir. Həmçinin, o qeyd etmişdir ki, barəsində inzibati tənbeh qismində həbs seçildiyindən və işə gedə bilmədiyindən, işdən çıxırılmış və bu səbəbdən borcundan ödəniş edə bilməmişdir. Məhkəmə bu arqumenti əsaslı hesab etmir, belə ki, sağlam və əmək qabiliyyətli bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəaliyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən saat 15:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Vəkil verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 (iyirmi dörd) manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar