Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-194/2024 04.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Göyçay rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Göyçay rayon Polis Şöbəsinin inzibati binasının qarşısında səs-küy salaraq nalayiq ifadələr işlətmiş, onu nizam intizama dəvət edən polis əməkdaşı ilə mübahisə edərək onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək qardaşı Şəxs ilə aralarında münaqişə baş verdiyini, ona sözlə hədə-qorxu gəldiyini bildirərək ondan şikayətçi olmuşdur. Müraciət əsasında Şəxs rayon polis şöbəsinə çağırılmışdır. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Şəxs Göyçay rayon Polis Şöbəsinin qarşısına gəlmiş, bacısının ondan şikayətçi olması ilə bağlı izahatının alınması tələb olunduğunu bildirilmişdir. Bu zaman o, ucadan ünvansız nalayiq ifadələr işlədərək səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonunda kirayələdiyi mənzildə yaşayır. Mərhum atasından qalmış mülklə bağlı daima bacısı Zərərçəkmiş şəxs ilə söz-söhbətləri olmuşdur. xx.xx.2024-cü i tarixdə bacısı Zərərçəkmiş şəxs ondan rayon polis şöbəsinə şikayət etmiş, bununla bağlı polis əməkdaşı onun mobil telefonuna zəng edərək rayon polis şöbəsinə çağırmışdır. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Göyçay rayon Polis Şöbəsinin qarşısında olarkən polis əməkdaşı ona şikayətlə bağlı izahatının alınmasını bildirmiş və, o, əsəbləşərək səs-küy salmağa başlamışdır. Bu zaman polis əməkdaşı onu nizam-intizama dəvət etmiş, lakin əsəbi olduğu üçün polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, uzun müddətdir ki, atasından qalmış mülklə bağlı qardaşı Şəxs ilə aralarında mübahisələr yaranmışdır. Qardaşı hər gün yaşadığı ünvana gələrək ona hədə-qorxu gəlir, ünvanına qarşı nalayiq söyüşlər söyürək təhqir edir, onu yaşamağa qoymur. Onun hərəkətləri artıq dözülməz həddə gəlib çatdığı üçün xx.xx.2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinə müraciət etmiş, qardaşının barəsində qanuna müvafiq tədbirlər görülməsini və təhlükəsizliyinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Göyçay rayon Polis Şöbəsinin inzibati binasının qarşısında səs-küy salaraq nalayiq ifadələr işlətmiş, onu nizam intizama dəvət edən polis əməkdaşı ilə mübahisə edərək onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. - xx.xx.2024-cü tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyevə müraciət edərək 04.03 2024-cü il tarixdə saat 12 radələrində Şəxs bacısı Zərərçəkmiş şəxs müraciəti əsasında rayon polis şöbəsinə dəvət olunmuşdur. Şəxs Göyçay rayon Polis Şöbəsinin inzibati binasının qarşısında ucadan səs-küy salaraq ünvansız nalayiq söyüşlər söymüşdür. Şəxs nizam-intizama dəvət etməsinə baxmayaraq o tabesizlik göstərərək qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 04.03 2024-cü il tarixdə saat 12 radələrində Göyçay rayon Polis Şöbəsinin inzibati binasının qarşısında ucadan səs-küy salaraq polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, ictimai qayda - bir sıra hüquq normaları və digər sosial məqbul normalarla tənzimlənən, insanın cəmiyyətdə maneəsiz və münaqişəsiz fəaliyyətinə təminat verən mövcud ictimai münasibətlər sistemi deməkdir. İctimai qayda qanunla və digər sistemlərin normaları ilə tənzimlənən, habelə ilk növbədə ictimai yerlərdə formalaşan bütün ictimai münasibətlər daxildir. Polis şöbəsinin inzibati binasının qarşısı ictimai yer hesab edildiyindən orada müəyyən olunmuş qaydaların pozulması ictimai qaydanın pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının “Polis haqqında” Qanuna əsasən polisin əsas vəzifələrində biri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və onun səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən (10) on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-194/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-194/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver