Məhkəmə qərarları › İş №3(046)-209/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-209/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-209/2024 12.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1987-ci ildə Göyçay rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Kürd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli, 2(046)- 422/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X3, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 12 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli, 2(046)-422/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X3, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra işi əvvəllər başqa icra məmurunun icraatında olmuş, icra işi onun icraatına 1 il 6 ay bundan əvvələ daxil olmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Bundan sonra Şəxs aliment borcundan son iki-üç ay ərzində ödənişlər etsə də, 19390 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrası ilə bağlı borclunun izahatı alınmış və o, izahatında maddi imkanının yaxşı olmadığı üçün borcunu ödəyə bilmədiyini, gələcəkdə maddi vəziyyəti yaxşı olacağı təqdirdə borcundan ödənişlər edəyəcəyini bildirmişdir. İcra sənədi üzrə borclu Göyçay Rayon Məhkəməsinin 3(046)-597/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Tələbkar Zərərçəkmiş şəxs İcra Baş İdarəsinə və Ədliyyə Nazirliyinə hər gün icra işi ilə bağlı şikayətlər edir. Borclu Şəxs borcunu ödəməkdən yayındığına görə icra işi cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinə göndərilməsi üçün hazırlanır. Hal-hazırda borclu Şəxs borclu olduğu 19390 manat aliment borcundan 500 manat ödəniş etmiş, 18890 manat ödənilməmiş aliment borcu qalmışdır. Göstərilənləri nəzərə alıb borclu Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən hər ay ondan 420 manat alimentin tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Bildirir ki, uzun müddət spirtli içki qəbul etdiyindən səhhətində ciddi narahatçılıqlar yaranmışdır. Sonuncu dəfə məhkəmə qərarına əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilmiş, həbsdən çıxdıqdan sonra spirtli içkini ataraq övladlarının həyat şəraiti ilə maraqlanmaq qərarına gəlmişdir. Hal-hazırda avtomobil ustası işləyir. Maddi imkanı çatdığı qədər aliment borcundan ödənişlər etmiş, lakin təyin edilmiş 420 manat aliment miqdarı çox olduğu üçün ödənişləri tam olaraq ödəyə bilməmiş, bu səbəbdən də aliment borcu artmışdır. Son aylar aliment borcundan ödənişlər etmiş, hal-hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün aliment borcundan tam ödəniş edə bilməsə də 500 manat ödəməyə maddi imkanı çatır. Qalan aliment borcunu işləyib hissə-hissə ödəyəcəkdir. Hazırda gəlir əldə edə biləcək işinin olduğunu və həmin işi yaxın bir zamanda yekunlaşdırdıqdan sonra da alimetn borcundan ödənişlər edəcəyini bildirərək məhkəmədən həbs tənbeh növünün tədbiq edilməməsini xahiş etmişdir. Bundan başqa, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 2(046)-1857/2019 saylı, 19 dekabr 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X3, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-422/2021 saylı, 06 aprel 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X3, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-1857/2019 saylı, 19 dekabr 2019-cu il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-422/2021 saylı, 06 aprel 2021-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs aliment borcundan tələbkar Zərərçəkmiş şəxs hesabına ödənişlər etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Şəxs aliment borcundan 500 manat tələbkar Zərərçəkmiş şəxs hesabına ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını hazırda məhz üzrsüz səbəbdən, qərəzli şəkildə icra etməmə halı öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə borclu Şəxs tərəfindən əvvəllər alkoqollu içki qəbul etməklə tüfeyli həyat sürülməsinə və uşaqları ilə maraqlanmamısına tənqidi yanaşır və belə davranışına bəraət qazandırmır, lakin onun da nəzərə alınması zəruridir ki, hal-hazırda borclu aliment borcundan maddi imkanı çatdığı qədər ödənişlər etməyə başlamışdır ki, bu da onun əvvəlki davranışından peşman olduğunu və artıq normal həyat tərzi sürməyə başlanmasını və işləyərək borcunun ödəməsini aşkar sübut edir. Şəxsin hazırda işləyərək aliment borcundan ödənişlər etməsi və tələb olunan məbləği bütöv şəkildə ödəmək imkanının olmadığını bildirməsinə və bu halın real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzrsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, borclu Şəxs hərəkəti icra sənədinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirildiyi halda icra sənədi üzrə yığılmış borcunu ödəyə bilmədiyinə görə onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. İnzibati qaydada həbs olunması isə işləyə bilməyəcəyi və bunun nəticəsində aliment borcundan yenə də ödənişlər edə bilməyəciyi və sonda bu halın uşaqların həyat şəraitinə mənfi təsir göstərəcəyi ilə nəticələnəcəkdir. Belə ki, boclunun maddi imkanının olmaması və adına qətnaməni icra etməyə imkan verən əmlakının olmaması, buna baxmayaraq hal-hazırda onun tərəfindən ödənişlərin edilməsi və belə olan halda tələbkar tərəfindən borc məbləğinin tam şəkildə ödənilməsi kimi tələbin irəli sürülməsi borclunun cəzalandırılması istəyinin uşaqların mənafeyindən üstün tutulması kimi qiymətləndirilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırda isə borclunun maddi imkanı çatdığı qədər aliment borcundan hissə-hissə ödənişlər etməsi, borclunun inzibati həbs olunacağı təqdirdə aliment borcundan ödənişlər edə bilməməsi və bu halın uşaqların həyat şəraitinə mənfi təsir göstərməsi, məhkəmə zalında aliment borcundan 500 manat ödəməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-422/2021 saylı, 06 aprel 2021-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 12 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar