Məhkəmə qərarları › İş №3(046)-216/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-216/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-216/2024 13.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və iştirakı ilə xx.xx.1995-ci ildə Göyçay rayonu, Yeniarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Yeniarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Göyçay rayon Polis Şöbəsinin inzibati ərazisinin avtomobil duracağında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam intizama dəvət edən polis əməkdaşı ilə mübahisə edərək onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Göyçay rayon Polis Şöbəsinin inzibati ərazisində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra onun barəsində qanuna müvafiq tədbirlər görülməsi üçün rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Yeniarx kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində həmkəndlisi X3 ona məxsus “Vaz 2109” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilin arxa dövlət qeydiyyat nişanı olmadığı üçün yol patrul xidmətinin əməkdaşı saxla əmri işarəsi verərək saxlatmış, həmin vaxt Kərim sərxoş vəziyyətdə olmuşdur. Daha sonra yol patrul xidmətinin əməkdaşı onları buraxmış, avtomobillə yaşadıqları kəndə gəlmişlər. Bir qədər sonra onlar həmin avtomobillə şəhərə gəlmişlər, Kərim Cəlal adlı polis əməkdaşına təşəkkür etmək istəmişdir. Yol patrul xidmətinin əməkdaşı Kərimi müayinə etdirmək üçün PPX-nin əməkdaşlarını çağırmış, Kərimi sərxoş olub-olmamasını müəyyən etmək üçün müayinəyə göndərmişdir. Kərim müayinə olunub qayıtdıqdan sonra polis şöbəsinə gətirilmiş, həmin vaxt o, polis şöbəsinin qarşısında olmuşdur. Kərimdən narahat qaldığı üçün polis şöbəsinə daxil olaraq avtomobil duracağına yaxınlaşmış, Cəlal adlı yol patrul xidmətinin əməkdaşı Kərimin barəsində protokol tərtib edərək ona imza etməsini demiş, bu zaman Kərim ilə polis əməkdaşı arasında mübahisə başlamışdır. Həmin vaxt o da, polis əməkdaşı ilə mübahisəyə daxil olduğu üçün onları rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verdilər. Törətdiyi əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Göyçay rayon Polis Şöbəsinin inzibati ərazisinin avtomobil duracağında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam intizama dəvət edən polis əməkdaşı ilə mübahisə edərək onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokollarla tanış olaraq imzalamışdır. -inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, onun səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən (10) on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar