Məhkəmə qərarları › İş №3(046)-221/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-221/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-221/2024 27.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay şəhəri, X8 küçəsi, dalan 3, ev 1-də qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, 05 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən fərdi sahibkar Şəxs Göyçay şəhəri, Nizami küçəsində yerləşən “X7” obyektinin üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirməsi faktı müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, Şəxs İXM-nin 428.7.1ci maddəsinin tələbini pozaraq müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yaydığına görə barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə protokolu tərtib edən X5 İdarəsinin rəisi X1 və o, Şəxs işlətdiyi Göyçay şəhəri, Nizami küçəsində yerləşən obyektə yaxınlaşaraq foto şəkillər çəkilmiş və bununla bağlı protokol tərtib edilmişdir. Şəxs əvvəllər X5 İdarəsi ilə müqaviləsi olmuş, müqaviləsinin vaxtı bitmiş, 92 manat borcu qalmışdır. Müqavilənin vaxtının yenidən artırılması barədə müraciət edilmiş, müqavilə bağlamadığına görə ünvanına bildiriş göndərilmişdir. Bildiriş rəsmi şəkildə ona çatdırılmış, çatdırılması ilə bağlı qəbzlər iş materialına əlavə edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, sözügedən obyektdə 2023-cü ilin oktyabr ayında fərdi sahibkar kimi fəaliyyətini dayandırmış, həmin yeri xalası qızı işlətmiş, o da, onun yanında işçi kimi fəaliyyət göstərmişdir. X5 İdarəsinin əməkdaşı işlədiyi yerə gəlmiş, ondan həmin obyektin VÖEN və borclu olduğu pulu istəmiş, o da vermiş, lakin əməkdaş tərəfindən ona ödəniş ilə bağlı heç bir qəbz təqdim edilməmişdir. Daha sonra X5 İdarəsinin digər əməkdaşı Ülvi Məmmədova mobil telefon vasitəsi ilə zəng edərək ödəniş etdiyini, ancaq ona qəbz təqdim edilmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə X5 İdarəsinin əməkdaşları həmin işlədiyi yerə gələrək obyektin foto şəkillərini çəkmiş, ona müvafiq icazə sənədi olmadan reklam yerləşdirdiyi üçün barəsində protokol tərtib edəcəyini bildirsələr də o, 100 manat borcunun qaldığını, əməkdaşa obyektdə olan reklamın onlara lazım olmadığı üçün götürülməsini demişdir. Həmin borcun ödənilməsi üçün əməkdaş tərəfindən qəbz təqdim edilməsinə baxmayaraq, o ödənişi hansı hesaba köçürülməsini bilmədiyi üçün borcu ödəyə bilməmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 05 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Göyçay şəhəri, Nizami küçəsində müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirməsi əməlinə yol vermiş, bununla da, Azərbaycan Respublikasının İXMnin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, 29 nömrəli baxış aktından görünür ki, X5 İdarəsinin rəisi X1 tərəfindən Göyçay şəhəri, Nizami küçəsində yerləşən “X4” baxış keçirilmiş, baxış zamanı müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 11-3-7/2-123/2024 saylı bildirişindən görünür ki, Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən sifarişli poçt göndərişi vasitəsi ilə sahibkar Şəxs bildiriş göndərilmiş, xx.xx.2024-cü il tarixdə Şəxs poçt xəbərnaməsinə şəxsən imza edərək götürmüşdür. Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi uçotunun vergi ödəyiciləri barədə çıxarışdan görünür ki, Şəxs 9 saylı Ərazi Vergilər İdarəsində fiziki şəxslər üzrə vergi ödəyicisi kimi qeydiyyatdadır. (VÖEN **********) Foto şəkillərdən görünür ki, “X7” adlanan obyektdə reklam yerləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********704600 nömrəli məktubundan görünür ki, Şəxs xx.xx.2014-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Vergilər İdarəsində qeydiyyata alınıb və rəsmi müraciət əsasında fəaliyyəti xx.xx.2024-cü il tarixdən xx.xx.2102-ci il tarixədək dayandırılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, barəsində inzibati icraat aparılan vəzifəli şəxs Şəxs tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə dair “Reklam haqqında” qanunvericiliyin tələbləri pozulmuş, yəni müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərlə Göyçay şəhəri, Nizami küçəsində yerləşən obyektin üzərində reklam yerləşdirildiyi müəyyən olunur. Bununla da, Şəxs vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət TarixEtnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir. "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsinə görə Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Göründüyü kimi, reklam haqqında qanunvericiliyin qeyd edilən normasına görə birbaşa aid olduğu xidmət və ya divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü ifadə edən lövhə yalnız onun ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmadıqda reklam hesab edilmir. İş materiallarında əlavə edilmiş fotoşəkillərdə isə obyektin üzərindəki lövhələrin bu ölçüdən böyük olduğu aydın şəkildə müşahidə edilir. Qeyd edilən Qanunun 26.2-3-cü maddəsinə görə reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Şəxs (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları və törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar