Məhkəmə qərarları › İş №3(046)-236/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-236/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-236/2024 15.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Göyçay rayonu, İnçə kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Göyçay rayonu, İnçə kəndində qeydiyyatda olan və Bakı şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1024/2018 saylı, 19 yanvar 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən etibarən hesablanmaqla hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 15 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1024/2018 saylı, 19 yanvar 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən etibarən hesablanmaqla hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Bundan sonra Şəxs aliment borcundan heç bir ödəniş etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq birgə yaşadıqları üçün borcludan heç bir şikayət və tələbi olmadığını, 2017-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayına kimi olan 22500 manat aliment borcunun silinməsini istəmişdir. Borclu Şəxs 2023-cü ilin aprel ayından bu günədək 3300 manat aliment borcu yaranmış, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etdikdən sonra borcundan 500 manat ödəniş etmişdir. Hal-hazırda icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən hər ay ondan 300 manat alimentin tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinin maddi məsrəflərini qarşılamış, sonradan belində problem yarandığı üçün işləməkdə çətinliklər çəkmiş, heç bir yerdə işləyə bilməmişdir. Bildirir ki, 2017-ci il tarixdən tələbkarla birgə təsərrüfat apararaq birlikdə yaşamış, 2023-cü il tarixdən ayrı yaşasalar da daima övladlarının qayğısına qalaraq valideyn kimi öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Borclu olduğu 3300 manat aliment borcundan 500 manat ödəniş etmiş, qalan borcunu hissə-hissə ödəyəcəkdir. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1024/2018 saylı, 19 yanvar 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən etibarən hesablanmaqla hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1024/2018 saylı, 19 yanvar 2018-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbkar Zərərçəkmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, borclu Şəxs 2017-ci ilin dekabr ayından 2023cü ilin aprel ayına kimi olan aliment borcunu istəmədiyini, 2023-cü ilin aprel ayından 2024cü ilin mart ayına qədər ona olan 2700 manat aliment borcunun ödənilməsini tələb edərək heç bir şikayətinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs aliment borcundan 500 manat tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclunun rəsmi iş yeri olmasa da maddi imkanı daxilində aliment borcundan ödənişlər etmişdir. Şəxsin hazırda işsiz və səhhətində problem olduğundan tələb olunan məbləği bütöv şəkildə ödəmək imkanının olmadığını bildirməsinə və bu halın real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzrsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə aliment borcundan 500 manat ödəniş etməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyyə Xəstəxanasına müraciət edərək bel-oma nahiyəsindən müayinə alması, bu səbəbdən də işləməkdə çətinlik çəkməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 1024/2018 saylı, 19 yanvar 2018-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 15 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar