Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-238/2024 16.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, müdafiəçi X3 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Göyçay rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay şəhəri, Nizami küçəsi, dalan 3 ev 7 A-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli və ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:20 radələrində Göyçay rayon Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq şöbənin iş fəaliyyətini pozmuş, onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs tərtib edilmiş protokolları imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahat verərək bildirdi ki, icraatına daxil olmuş raporta əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:20 radələrində qardaşının işi ilə bağlı Göyçay rayon Polis Şöbəsinə getmiş, ucadan səs-küy salaraq şöbənin iş fəaliyyətini pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini qəbul etməyərək izahatında göstərmişdir ki, balaca qardaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə dayısı onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq qardaşının polis şöbəsində olduğunu bildirmiş, nə səbəbə görə aparılmasının səbəbini soruşduqda məlumatı olmadığını, mağazada iş gedən vaxtı polis əməkdaşları tərəfindən aparıldığını bildirmişdir. Bununla bağlı o, rayon polis şöbəsinə gedərək məsələ ilə maraqlanmaq istəmiş, şöbənin inzibati binasına daxil olduqda polis şöbəsinin müavini Azad müəllim ilə rastlaşmışdır. Daha sonra onunla birlikdə xidməti otağına getmiş, Azad müəllimdən qardaşının gətirilməsinin səbəbini soruşduqda, qardaşının plastik qabların satışı ilə məşğul olduğuna görə gətirildiyini demişdir. Bu zaman o, plastik qabların satışının qadağan olunması ilə bağlı qardaşına heç bir xəbərdarlıq edilmədiyini bildirdikdə, Azad müəllim ona “sən kimsən bizə burda iş öyrədirsən” deyərək onun ünvanına nalayiq sözlər işlədərək onun qanunla qorunan vətəndaşlıq hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd edir ki, o, polis şöbəsinin inzibati binasında səs-küy salmamış, polis əməkdaşlarının qanuni tələblərini pozmamışdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu tam olaraq qanunsuz və əsassız hesab edir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X7 izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olarkən tanış olmuşdur. Hazır ki, inzibati xəta haqqında protokol raporta əsaslanaraq tərtib edilmişdir. Həmin raportun məzmunundan da göründüyü kimi müdafiə etdiyi şəxs guya ki, polis şöbəsinə gələrək orada səs-küy salmış, onun qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu məntiqsiz və absurd bir haldır. Müdafiə etdiyi şəxsin polis şöbəsinə yaxınlaşmasına səbəb qardaşının polis şöbəsinə gətirilərək orada saxlanılması olmuşdur. Qeyd edir ki, müdafiə etdiyi şəxs əvvəllər polis orqanında işləmiş, işlədiyi müddət ərzində polis şöbəsinin inzibati binasında səs-küy salmağının qadağan olduğunu bilmişdir. Hesab edir ki, onun qanunla nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuş, barəsində raport əsasında qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa şəxsin əməlində İXM-nin 535.1-ci maddəsində göstərildiyi kimi polis əməkdaşının qanuni tələblərinə tabe olmaması üçün ilk öncə polis əməkdaşının tələbi qanuni olmalıdır ki, həmin maddənin tərkibi yaransın. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırır ki, protokollarda sahə müvəkkili tərəfindən prosessual müddət pozuntusuna yol verilmişdir. Belə ki, inzibati xəta haqqında protokolda şəxsin inzibati xəta hadisəsini xx.xx.2024-cü il tarixdə törətdiyi qeyd olunmuş, lakin buna baxmayaraq, sahə müvəkkili tərəfindən protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, müdafiə etdiyi şəxsin barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş protokollarda şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyildir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili X4 izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində xidməti otağında olarkən dəhlizdən səs-küy gəldiyini eşidərək çölə çıxmış, bu zaman Şəxs ucadan polis əməkdaşları ilə mübahisə edərək narazılığını bildirirdi. Bu zaman o, digər polis əməkdaşları ilə birlikdə ona yaxınlaşaraq burada səs-küy salmağın qadağan olunmasını bildirərək nizam-intizama dəvət etmiş, lakin o, onların sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdi. Məhkəmədə şahid qismində izahat vermiş X5 və X8 şahid X1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:20 radələrində Göyçay rayon Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq şöbənin iş fəaliyyətini pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:20 radələrində polis əməkdaşları Göyçay rayon Polis Şöbəsinin inzibati binasında səs-küy salmağın qadağan olduğunu bildirərək nizam-intizama dəvət etmiş, lakin o, polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2024-cü tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şaiq Əşrəfli rayon polis şöbəsinin rəisinə müraciət edərək, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:20 radələrində rayon polis şöbəsinin inzibati binasında olan xidməti otağında olarkən bir nəfər şəxsin polis şöbəsinin inzibati binasının koridorunda ucadan səs-küy işlətməsini eşidərək, ona qanuni iş fəaliyyətinə mane olmasını bildirirərək intizama dəvət etmiş, lakin həmin şəxs yenidən öz həmin hərəkətlərini davam etdirdiyindən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şükür Məmmədov, əməliyyat müvəkkili polis baş leytenantı Asim Novruzov, polis kiçik leytenantı Ziya Budaqlı dəhlizə çıxaraq onu sakitləşdirməsinə, nizam intizama dəvət etməsinə baxmayaraq o, qərəzli olaraq sərt və aqresiv şəkildə cavab verməklə ucadan səs-küylü intizamsız hərəkətlərini davam etdirərək qanuni tələblərinə məhəl qoymadı. Sonradan həmin şəxsin hərəkətləri qısa müddətə məhdudlaşdırılmaqla tərəflərindən şöbənin NH-nə təqdim olunması təmin edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs əməlində protokolda qeyd edilən 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 535.1-ci maddə ilə inzibati xəta hadisəsi baş vermədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dizposiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını araşdırarkən belə nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarıda qeyd olunan elementləri pozulmamışdır. Bir sözlə, ilk növbədə qeyd olunan inzibati xəta tərkibinin yaranması üçün şəxsdən tələb olunan hərəkət qanuni olmalıdır ki, ondan imtina da müvafiq məsuliyyətə səbəb olsun. Şəxs münasibətdə isə bu hal baş verməmişdir. O, qardaşının artıq ikinci dəfə saxlanılaraq polis şöbəsinə gətirilməsi səbəbi ilə maraqlanarkən polis işçisi ona kobud və aqressiv bir şəkildə cavab vermişdir. Bundan sonra aralarında yaranan mübahisə polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. Şəxs həmin vaxt hansısa digər hərəkəti ilə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətə yol verməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokolda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi əsaslandırılmamışdır. Eyni zamanda Şəxs məhkəmə iclasında özünü təqsirli bilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs polis işçilərinin ona münasibətdə etik-davranış qaydaları ilə bir aya sığmayan davranışına qarşılıqlı reaksiya verməklə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq cərimə tənbehi 50 (əlli) manat miqdarında müəyyən edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-238/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-238/2024
16.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver