Məhkəmə qərarları › İş №3(046)-240/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-240/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-240/2025 08.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 30 mart 2025-ci il tarixdə saat 17 radələrində Göyçay rayonu Bığır kəndi ərazisində özünə məxsus olan bir baş iribuynuzlu inək heyvanını asfalt örtüklü yolda nəzarətsiz qoyulması nəticəsində yol hərəkəti qaydalarını pozmuş,nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi «Nissan Note» markalı **-XC-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən həmin bir baş iribuynuzlu inək vurularaq avtomobil sahibinə maddi ziyan vurulmuşdur. Göyçay Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli,3(046)-240/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat inzibati cərimə tənbeh növü təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,3(107)-164/2025 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş,Göyçay Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli,3(046)- 240/2025 saylı qərarı ləğv edilmiş,inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 30 mart 2025-ci il tarixdə səhər saat 06 radələrində iri buynuzlu malqaranı kənddən çıxararaq otlamaq üçün örüş sahəsinə yola salmışdır. Hər gün bir növbətçi növbəlilik qaydalarına əsasən heyvanlara nəzarəti həyata keçirir, bundan sonra heyvanlar kəndə qaytarılırlar. Axşam heyvanlar öz tövlələrinin yerləşdiyi yerləri, ünvanları tanıdıqları üçün qapıya gəlirlər. O, hadisə baş verən zaman ərazidə olmamış, olan-qalan bir baş heyvanı asfalt və sement-beton yola çıxarmamışdır. Yəni, hadisənin baş verməsində hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi olmamışdır. Zərərçəkmiş şəxs diqqətsizliyi səbəbindən yol-nəqliyyat hadisəsi törədərək, olan-qalan bir baş iri buynuzlu malını vurub, ziyan ona dəymişdir. Əgər hadisə vaxtı orada olsaydı, malı avtomobillərin intensiv hərəkət etdiyi vaxt yola sürsəydi, o zaman hadisənin baş verməsinə səbəb olmuş olardı. Təkcə onların kəndi yox, əksər kəndlərdə naxır qaydası, növbəsi var, səhər heyvanlar naxır kimi kənddən örüş sahələrinə yola salınır, axşam heyvanlar tövlərərinə, qapıya geri qayıdırlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 17.18 radələrində Göyçay rayonu Bığır kəndi ərazisində idarə etdiyi «Nissan Note» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Şəxs məxsus iri buynuzlu heyvanlar avtomobil yoluna çıxmış, nəticədə heyvanı vurmuşdur. Baş vermiş hadisə zamanı avtomobilinə maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq o,məhkəmə iclasına gəlməmiş,məhkəməyə ərizə göndərərək himayəsində xəstə valideyninin olmasını məhkəmə iclasını onun iştirakı olmadan keçirərək baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 izahat verərək bildirdi ki, Şəxs onun həmkəndlisidir. xx.xx.2025-ci il tarixdə saat 07.30 radələrində kənd camaatı mal qarasını ona vermiş o da otlağa aparmışdır.Kənd camaatı arasında olan razılaşmaya görə mal-qara ona asfalt yoldan təxminən 1,5 km. aralıda olan yerdə təhvil verilir.Həmin gün saat 16.30 radələrində mal-qara otlaqdan razılaşdırılmış yerdə geri qaytarmışdır. Belə ki,onun vəzifəsinə mal-qaranı qeyd edilən yerdə təhvil almaq,otlağa ötürmək və mal-qaranı axşam saatlarında təhvil aldığı yerdə onlara qaytarmaq daxildir .Ondan sonra baş verən hadisələrə görə məsuliyyət daşımır. Elə vaxt olur ki, malları kənd sakinlərinə təhvil verərkən mal yiyələri orada olmur. Malların otladığı yer kənddə dağın yanında yerləşir. Asfalt yolla malların yığılan yer arasında təxminən 1,5 km məsafə vardır. İşə əlavə edilmiş Göyçay rayon Bığır bələdiyyəsinin sədri Rakif Hacıyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 20 nömrəli arayışdan görünür ki, Bığır kəndində kənd əhalisi arasında ümumi razılaşma əsasında hər gün iki nəfər mal-qaranı örüşə aparır və axşam saatlarında örüşdən kəndə qaytarır. Gün ərzində mal-qaranın otarılması, təhlükəsizliyi və axşam saatlarında mal sahiblərinə təhvil verilməsi nobatçının vəzifəsidir. Mart ayında kənd sakini Şəxs heyvanı örüş sahəsindən kəndə düşürülüb və yol kənarında Rəsulov Müşviq sabir oğlu adlı kənd sakininin fərdi yaşayış evinin arxasında bir maşınla vurulmuşdur. Malqaranın örüş sahəsindən kəndə düşürüldükdən sonra nobatçının vəzifəsi bitmiş hesab olunur. Ümumiyyətlə kənd əhalisi ilə nobatçı arasında yazılı bir müqavilə yoxdur. Həmin hadisənin üzərindən uzun müddət keçdiyi üçün nobatçının kim olduğunu müəyyən edə bilməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş BA284069 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Nissan Note» markalı **-XC-*** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş Volqa MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus «Nissan Note» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2370 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 1669 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs sərxoşluq müəyyən olunmamışdır. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması,mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1,338.5.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin İV hissəsinə görə mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. Həmin Qanunun 47-ci maddəsinin Vİ hissəsinə görə at arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Beləliklə iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilir ki,Şəxs 30 mart 2025-ci il tarixdə saat 07.30 radələrində naxır qaydalarına uyğun olaraq özünə məxsus olan mal-qaranı kənd sakini növbətçi X1 qabaqcadan müəyyənləşdirilmiş Bığır kəndi ərazisindən keçən asfalt yoldan təxminən 1,5 kv.metr aralıda olan yerdə təhvil verərək elə həmin gün saat 16.30 radələrində həmin yerə mal-qara qaytarılarkən təhvil alınmış hesab edilməlidir.Belə olan halda saat 17 radələrində Göyçay rayonu Bığır kəndi ərazisində asfalt örtüklü yolda nəzarətsiz qoyulmuş və Şəxs məxsus mal-qaranın Zərərçəkmiş şəxs idarə etdiyi «Nissan Note» markalı **-XC-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulması və avtomobil sahibinə maddi ziyanın dəyməsi İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə xətanın törədilməsində təqsirli sayılmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması da nəzərə alınır. Beləliklə hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasının aşağı həddində cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar