Məhkəmə qərarları › İş №3(046)-25/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-25/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-25/2025 04.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, N.Nərimanov prospekti, ev 130da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 14:35 radələrində Göyçay şəhəri, Natəvan küçəsində “Vaz 21061” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xidməti vəzifəsini yerinə yetirən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi qaydalarını pozmaqla narkotik vasitələrin təsiri altında avtomobili idarə etmiş, bununla da o, Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən, işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edilir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad olunan əməli törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə etibarnamə olmadan idarə etdiyi “Vaz 21061” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay şəhəri, Natəvan küçəsində hərəkətdə olarkən yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman idarə etdiyi avtomobilə etibarnaməsinin olmadığı müəyyən edilmişdir. Daha sonra yol patrul xidməti inspektoru ilə birlikdə avtomobilə əyləşərək rayon polis şöbəsinə gedərək avtomobili duracağa yerləşdirmişdir. Yol patrul xidməti inspektoru ondan narkotik vasitə qəbul edibetməməsini soruşmuş, polis əməkdaşına narkotik vasitədən istifadə etmədiyini demişdir. Sonra sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməsi məqsədilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının narkoloji kabinetində tibb işçisi tərəfindən müayinə olunmuş, müayinə zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilərək barəsində akt tərtib edilmişdir. Törətdiyi əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 12 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 14:35 radələrində Göyçay şəhəri, Natəvan küçəsində “Vaz 21061” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xidməti vəzifəsini yerinə yetirən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi qaydalarını pozmaqla narkotik vasitələrin təsiri altında avtomobili idarə etmiş, bununla da o, Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. "Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 12 yanvar 2025-ci il tarixli, 159 nömrəli aktdan görünür ki, Şəxs həmin tarixdə saat 14:00-da keçirilən tibbi müayinəsi zamanı onun narkotik vasitədən istifadə etməsi - "THC” (marixuana) (+) aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun məhkəmə iclasında verdiyi izahatı ilə yanaşı, sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair akt və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, narkotik vasitə qəbul edən şəxsin həmin vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsinin, nəinki həmin şəxsin özünün, o cümlədən, cəmiyyətin digər üzvlərinin həmin avtomobildə əyləşən sərnişinlərin, yolu keçən piyadaların, digər sürücülərin həyat və sağlamlığı üçün real təhlükə yaratdığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar