Məhkəmə qərarları › İş №3(046)-252/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-252/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-252/2022 18.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Göyçay rayonu Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qarayazı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1.-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində 18 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X1 tərəfindən 18.04.2022-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 13400 manat aliment borcunu üzürsüz səbəbdən Zərərçəkmiş şəxs ödəməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, icra məmurunun hesablamalarına əsasən iki uşağın 13400 manat tələbkar Zərərçəkmiş şəxs borcu yaranmışdır. Lakin 2021-ci ilin yanvar ayından hər ay 250 manat olmaqla aliment borcundan ödəyir. Bundan başqa özünə məxsus torpaq sahəsini sataraq tələbkara 1.000 manat aliment borcundan ödəmişdir. Ödənişləri barədə qəbzləri icra məmuruna təhvil vermişdir. Əlavə olaraq bildirir ki, 18.04.2022-ci il tarixdə də aliment borcundan 200 manat ödəmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş 16.07.2021, 24.08.2021, 22.09.2021, 20.10.2021, 23.11.2021, 22.12.2021, 25.01.2022, 23,02.2022, 19.03.2022 və 18.04.2022-ci il tarixli qəbzlərdən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs hər ay 250 manat aliment ödənilmişdir. İnzibati xəta materiallarında Şəxs daimi iş yeri və hər hansı qazancının olması barədə hər hansı sübut yoxdur. Belə olan halda Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Çünki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməkdən imtina etməmiş, əksinə tələbkara olan borcunu tezliklə ödəyəcəyinə vəd vermişdir. Beləliklə, Şəxs yerdə qalan borcunu ödəmək əzmindədir. Bununla yanaşı, icra məmuru Şəxs mülkiyyətində hər hansı bir daşınmaz və ya daşınar əmlakın olub-olmamasını müəyyən etməmiş, bu zəmində onun yaşadığı evdə yerləşən əmlaklarına baxış keçirilərək üzərinə həbs qoyulması mümkün olan əmlaklarının olub-olmaması aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən məcburi icra tədbirlərinin ardıcıllıqla həyata keçirilməsi icra məmuruna həvalə edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin ardıcıllıqla siyahısı verilmiş, həmin maddədə məcburi icra tədbirlərinin borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdən ibarət olması, habelə həmin Qanunun 84-1-ci maddəsində isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təsbit edilmişdir. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.6-cu maddəsində əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, icra məmuru qanunla ona həvalə edilmiş vəzifələrini yerinə yetirmədən, Şəxs aid əmlakının olub-olmamasını müəyyən etmədən, onun yaşayış evinə baxış keçirmədən, sadəcə şəxsin elektron məlumat kartoçkasına istinad edərək barəsində protokol tərtib etmişdir. Məhkəmə, təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Şəxs Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3650/2014 saylı 27.06.2014-cü il tarixli icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsi və Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1.-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1.-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində müəyyən olunmuş müddətdə borcunu üzrsüz səbəbdən icra etmədiyinə dair sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 84, 112, 114, 115, 117, 128-130ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR V E R D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş 18.04.2022-ci il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar