Məhkəmə qərarları › İş №3(046)-285/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-285/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-285/2024 29.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X1nun iştirakı ilə, xx xxx 1993-cü ildə Göyçay rayonu, Çərəkə kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-265/2023-017 saylı, 17 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 05 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 3(046)-285/2024 saylı qərarı ilə Şəxs barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-265/2023-017 saylı, 17 fevral 2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 05 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Göyçay Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 3(046)-285/2024 saylı qərarından apelyasiya şikayət vermiş, Şəki Apellyasiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, 3(107)-142/2024 saylı qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Göyçay Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 3(046)-285/2024 nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş xx.xx.2024-cü il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus şəxsi elektron kabinetində yerləşdirilmiş, Zərərçəkmiş şəxs teleqrama ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək aliment borcunun tam şəkildə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-265/2023-017 saylı, 17 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılması haqqında qərarla eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş göndərilmişdir. Borclu Şəxs aliment borcundan mütəmadi olaraq hər ay 200 manat ödəniş etmiş, lakin ödəniş etmədiyi aylardan qalıq 1546 manat aliment borcu yaranmışdır. Qalan aliment borcunun ödənilməsi ilə bağlı böyük icra məmuru Hikmət Quliyev tərəfindən borclu Şəxs borcundan ödəniş etməsi bildirilsə də o, maddi imkanı olmadığı üçün borclu olduğu pulu tam şəkildə ödəyə bilmədiyini, hər ay 200 manat ödəniş etməyə maddi imkanın çatdığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bununla razılaşmayaraq icra sənədi üzrə dəfələrlə şikayətlər edərək aliment borcunun ödənilməsini tam şəkildə tələb etmişdir. Borclu Şəxs ilə tələbkar Zərərçəkmiş şəxs arasında razılıq olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, məhkəmə qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən o, hər ay mütəmadi olaraq ödənişlər edir, icra sənədinin icrasından boyun qaçırmır, lakin buna baxmayaraq Zərərçəkmiş şəxs təkidlə onun həbs olunması üçün etdiyi ödənişləri nəzərə almayaraq aliment borcunun ödənilməsini tam şəkildə ondan tələb edir. Bildirir ki, aliment borcunun ödənilməsi ilə bağlı adında olan nəqliyyat vasitəsini sataraq ödəniş etmiş, valideyn kimi öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmişdir. Bundan başqa sonuncu dəfə xx.xx.2024-cü il tarixdə aliment borcundan 200 manat ödəniş etmiş, uşağının həyat şəraiti ilə daima maraqlanmışdır. Hal-hazırda borclu olduğu aliment borcunu tam şəkildə ödəməsinə maddi imkanı yoxdur. Aliment borcundan hər ay 200 manat ödəniş etməyə imkanı çatır. X1 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyətini nəzərə alınmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-265/2023 saylı, 17 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-265/2023 saylı, 17 fevral 2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Ödəniş cədvəlindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməli olan 3860 manat aliment borcundan 2300 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs kar hesabına 200 manat pul köçürmüşdür. Borclu Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində izahat verərək göstərmişdir ki, ödənilməli olan 3860 manat aliment borcundan hər ay ödəməklə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə daxil olmaqla tələbkarın xeyrinə 2300 manat ödəniş etmiş, qalan 1560 manat aliment pulunu hər ay aylıq alimentə əlavə etməklə hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. İşin materiallarından görünür ki, Şəxs borcundan ödəniş etmədiyi üçün 1546 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Abşeron Rayon Məhkəməsinin 2(012)-265/2023 saylı, 17 fevral 2023-cü il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında borclu Şəxs işləmədiyindən və qazancı olmadığından borcunu ödəyə bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumentin üzrlü səbəb kimi qiymətləndirilməsi üçün əsas olmaması qənaətindədir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işsiz olduğu üçün maddi imkanının olmadığını və buna görə də hal-hazırda borclu olduğu aliment borcundan ödəniş edə bilməməsini əsas kimi göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək sağlam və əmək qabiliyyətli bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəaliyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Bununla da, borclu Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hazırkı iş üzrə Şəxs məhkəmə prosesinə qədər sözügedən icra sənədi üzrə ödənilməli olan borc məbləğini tam həcmdə və uzun müddət hər hansı miqdarda ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən məhkəməsi hesab edir ki, Şəxs protokol tərtib edilənədək icra sənədi üzrə ödəməli olan məbləğdən və protokol tərtib edildikdən sonra məhkəmə iclası zamanı tələbkara ödəniş etməməsi, icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirilməməsi anlamını inkar edə bilməz. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 29 may 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X3 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ**********0000002944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar