Məhkəmə qərarları › İş №3(046)-293/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-293/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-293/2024 30.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338-1.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs 2024-cü ilin mart ayında Göyçay RİH başçısı Natiq Ağayevin və Zərərçəkmiş şəxs şəkillərini montaj edərək Facebook sosial şəbəkəsində özünə məxsus “GöyçaydanAzərbaycana” xəbərlər qrupunda “X1” profil adı altında paylaşmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İşdə olan MN №1987121 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokolda Şəxs İXM-in 388-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. İXM-in 100.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Halbuki, İXM-in 388-1.1-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - 388-1.1.2. internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-in 388-1.1-ci maddəsi İXM-in 388-1.1.1. və 388-1.1.2-ci maddələri olmaqla iki hissəyə bölünür. Şəxsin barəsində tərtib edilmiş protokoldan isə Şəxs həmin maddələrin hansı ilə təqsirləndirildiyini aydınlaşdırmaq mümkün deyildir. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, həmin maddə iki bənddən ibarətdir. Protokol tərtib edilərkən, protokolu tərtib etmiş orqan Şəxs bu bəndlərdən hansının tələblərini pozduğunu dəqiq göstərməmişdir. Ona görə də məhkəmə hesab edir ki, MN №1987121 nömrəli inzibati xəta haqqında protokol qanunvericiliyin tələbinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə Göyçay Rayon Polis şöbəsinin sahə rəisi Babək Lətifov tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109- 114-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1ci maddəsi ilə Göyçay Rayon Polis şöbəsinin sahə rəisi Babək Lətifov tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar Göyçay rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar