Məhkəmə qərarları › İş №3(046)-305/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-305/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-305/2025 29.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ : X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. X2 ərizəsini müdafiə edərək belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 71071 nömrəli akt tərtib edilmişdir. Həmin Aktda qeyd edilmişdir ki, rayonun Qarabaqqal bələdiyyəsinin mülkiyyətinə aid olan dağlıq əraziyə gedən torpaq yolunun kənarlarına məişət və digər bərk tullantıların toplanaraq qalaqlanması faktı aşkar edilmiş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 saylı qərarının tələbləri pozulmuşdur. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş müfəttişi X3 tərəfindən xx.xx.2021-ci il tarixdə barəmdə Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində məişət və digər bərk tullantıların toplanması və qalaqlanması faktının aşkar edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş müfəttişi X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola xx.xx.2021-ci il tarixdə həmin idarənin rəisi Şahin Əliyev tərəfindən baxılmış, Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Aşağıda göstərdiyi əsaslara görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində Azərbaycan Respublikası İXM-in 271 -ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məlum olduğu kimi son zamanlar şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması, sənaye və məişət tullantılarının qalaqlanması və zərərsizləşdirilməsi zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsinə diqqət daha da artmışdır. Bu sahədə qanun pozuntularının aşkarlanması ilə əlaqədar aidiyyəti dövlət qurumları tərəfindən bir sıra bələdiyyələrin vəzifəli şəxsləri barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271 -ci maddəsi ilə (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) inzibati xəta haqqında protokollar tərtib edilərək inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd edilən məsələlərlə bağlı mövcud vəziyyət, həmçinin şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması, sənaye və məişət tullantılarının qalaqlanması və zərərsizləşdirilməsi ilə bağlı bələdiyyələrin hüquq və vəzifələri barədə qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə məişət tullantılarının yığılması və daşınması ilə bağlı bələdiyyələrin üzərinə birbaşa vəzifə qoyulmamış, yalnız bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Göyçay rayon Qarabaqqal Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində məişət və digər tullantıların toplanması və qalaqlanması faktı aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Göyçay rayon Qarabaqqal Bələdiyyəsinin sədri X7 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə inzibati qaydada 3000 manat cərimə edilmişdir. Məhkəmə baxışı zamanı sübutlarla müəyyən edilmişdir ki, Göyçay rayon Qarabaqqal Bələdiyyəsinin sədri X7 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə xx.xx.2021-ci il tarixdə inzibati qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokol və qərar qəbul edilərkən X5 inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməmiş, iştirakı təmin edilməmişdir. Həmin qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 hüquq və vəzifələrinin izah edilməmiş və ona istinad edilən inzibati xəta hadisəsinin mövcudluğunu, inzibati xətanın hansı şəraitdə torədilməsi, baş vermiş hadisədə təqsirinin olub-olmaması aydınlaşdırılmamışdır. İnzibati xətanın mahiyyətinin inzibati xəta haqqında protokolda və ya qərarda göstərilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ona istinad edilən inzibati xəta hadisəsi haqqında ətraflı məlumat verilməməsi anlamına gəlir. Bu halda isə şəxs nəyə qarşı öz müdafiəsini qurmalı olduğunu bilməmiş və onun İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Məhkəmə X4 ərizəsində göstərdiyi xüsusatlara və məhkəmə baxışında verdiyi izahata hüquqi qiymət verərək hesab edir ki, X7 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol üzrə qərar qəbul edilərkən X4 iştirakının təmin edilməməsi və işə baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməsini əks etdirən sübutların məhkəməyə təqdim edilməməsi, qərarda məsuliyyətini yüngülləşdirən, həmçinin məsuliyyətini ağırlaşdırılan halların olub olmamasını müəyyən edilməməsi, barəsində qərar qəbul edilərkən inzibati xəta törətmiş X4 verə biləcəyi vəsatətlərin nəzərə alınmaması xüsusatları, X5 istinad edilən inzibati xətanın araşdılması hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X1 qanunda nəzərdə tutulmuş yuxarıda qeyd edilən hüquqları pozulduğundan şikayəti təmin edilməli, X7 barəsində xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu üzrə 3000 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli, xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokol üzrə inzibati xəta materialı yenidən baxılması üçün vəzifəli şəxsə, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti qismən təmin edilsin. X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta protokolu əsasında X4 3000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta protokolu üzrə material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar