Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-307/2025 16.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X3 və iştirakı ilə xx.xx.1989-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1580/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 15 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 16 may 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1580/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 15 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılması haqqında qərarla eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş rəsmi qaydada verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs son 3 ay ərzində ödəməli olduğu 500 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Tərəflər arasında razılıq əldə olunmadığı üçün icra sənədinin icra olunması istiqamətində çətinliklər yaratmışdır. Borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən hər ondan 150 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Aliment borcunun yaranmasına səbəb səhhəti ilə bağlı bir müddət xəstəxanada yatmış, bu səbəbdən də heç yerdə işləyib aliment borcundan ödəniş edə bilməmişdir. Hal-hazırda borcundan ödəniş etməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Şəxs hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Şəxs hər dəfə barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə gətirilən zaman məhkəmə iclas zalında ödəniş etmiş, sonradan aliment borcunun ödənilməsinə heç bir cəhd göstərməmişdir. Onun səhhəti ilə bağlı işləyə bilməməsi ilə bağlı dedikləri heç biri həqiqətə uyğun deyildir. Belə ki, fəhləlik və kənd təsərrüfat mallarının alqı-satqısı ilə məşğul olaraq gündəlik 50-100 manat civarında qazanc əldə edir, lakin qazandığı puldan uşağının saxlanılmasına heç bir köməklik göstərməyərək aliment borcunun ödənilməsində yayınır. Uşağını tək saxlayaraq böyütmək bir valideyn olaraq ona çox çətindir. Şəxs məhkəmə qətnaməsi üzrə qeyd olunmuş 150 manatdan başqa ona heç bir maddi və mənəvi yardım göstərməmiş, uşağının həyat şəraiti ilə maraqlanmayaraq laqeydlik göstərmişdir. Halbu ki, hər bir valideyn öz uşağının həyat şəraiti və təlim-tərbiyəsi ilə məşğul olmağa borcludur. Göstərilənləri nəzərə alaraq aliment borcunun ödənilməsini tələb edir. Əks halda Şəxs barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. X1 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyətini nəzərə alınmasını, aliment borcunun ödənilməsi ilə bağlı ona vaxt verilməsini və barəsində tərtib edilmiş protokola əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1580/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 15 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(046)-1580/2021 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Göyçay rayonu, 2ci Ərəbcəbirli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış qərarı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(046)-489/2024 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh növü tətbiq olunmuşdur. İşin materiallarından görünür ki, Şəxs borcundan ödəniş etmədiyi üçün 500 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1580/2021 saylı icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında borclu Şəxs səhhəti ilə bağlı bir müddət xəstəxanada yatdığını, bu səbəbdən də heç yerdə işləyib aliment borcundan ödəniş edə bilməməsini üzrlü səbəb kimi göstərsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmə onun irəli sürdüyü arqumentin üzrlü səbəb kimi qiymətləndirilməsi üçün əsas olmaması qənaətindədir. Məhkəmə sağlam və əmək qabiliyyətli bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəaliyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Bununla da, borclu Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab ki, 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Görünür ki, icra məmuru inzibati xəta haqqında protokol tərtib edərkən Şəxs barəsində olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(046)-489/2024 saylı qərarını nəzərə almadan İXM-nin 528.1-ci maddəsinə əsaslanaraq protokol tərtib etmişdir. Belə olan halda məhkəmə Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar inzibati xətanın törədilməsini İXM-nin 33.1.2-ci maddəsinə istinad edərək məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hazırkı iş üzrə Şəxs məhkəmə prosesinə qədər sözügedən icra sənədi üzrə ödənilməli olan borc məbləğindən heç bir ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs protokol tərtib edilənədək icra sənədi üzrə ödəməli olan məbləğdən və protokol tərtib edildikdən sonra məhkəmə iclası zamanı tələbkara ödəniş etməməsi, icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirilməməsi anlamını inkar edə bilməz. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh növü tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 16 may 2025-ci il tarixdən saat 16:45-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X6 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 3 iş saatı müddətində hüquqi yardım üçün 33 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-307/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-307/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver