Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-31/2021 15.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, şikayətçi X2 və Göyçay rayon Polis şöbəsinin DYPB-nın YPX inspektoru X1 iştiraki ilə, ayətçi X6 barəsində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş EQ ******* saylı qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “Hummer H3” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Göyçay şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən, Göyçay rayon Polis şöbəsinin DYPB-nın YPX inspektoru X3 barəsində Azərbaycan Respublikası İXM-İn 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və eyni tarixdə onu həmin maddə ilə təqsirli bilərək, 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında protokolda YPX inspektoru Göyçay şəhəri H.Əliyev prospektində işıqforda dayanarkən, yolların hərəkət hissəsinin işarələrinin tələbini pozduğunu və bu xətanın xüsusi texniki vasitə ilə aşkar olunduğunu göstərmişdir. Lakin xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlimdə inzibati xətanın tərkibi yoxdur. Belə ki, xüsusi texniki vasitənin köməyi ilə çəkilmiş foto şəkilə nəzər yetirdikdə, yolların hərəkət hissəsinin işarələrinin tələblərinin riayət edilməməsi ilkin baxışdan görünsə də, lakin işin faktiki halı ilə sözügedən inzibati xətanın onun təqsirli hərəkəti ilə törədilməsi sübut olunmur. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “Hummer H3” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Göyçay şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən işıqforun qadağan edici nişanının yandığını görərək, anidən idarə etdiyi nəqliyyat vasitəsini saxlamaq məcburiyyətində qalmış və bu anda fotoşəkildə göstərilən yerdə dayanmışdır. Bundan istifadə edən YPX inspektoru inzibati xəta haqqında protokolda guya onun tərəfindən Azərbaycan Reespblikası İXM-in 327.1-ci maddəsində göstərilən “yolların hərəkət hissəsinin işarələrinin tələbini” pozulduğunu göstərmişdir. Hesab edir ki, qeyd edilən maddə ilə barəsində qərar qıəbul edilməsi qanuna ziddir. Belə ki, YPX inspektoru Cəlal Teymurov qeyd edilən halı əl ilə mexaniki surətdə planşet vasitəsi ilə çəkmişdir. Halbu ki, İXM-nin 327.1-ci maddəsi ilə törədilən inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində qeydə alınmalıdır. Hazırki iş üzrə isə YPX əməkdaşı onu xidməti avtomaşınından əl ilə mexaniki surətdə çəkmiş və bu barədə qərar qəbul etmişdir. Göyçay rayon Polis şöbəsinin DYPB-nın YPX inspektoru X3 izahat verərək göstərmişdir ki, X6 xx.xx.2021-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “Hummer H3” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Göyçay şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən işıqforun qadağanedici qırmızı işığından qabağa keçərək üfüqi xəttin tələblərini pozduğuna görə xidməti avtomaşından istifadəsində olan planşetlə inzibati xətanı qeydə almış və bu barədə İXM-nin 327.1-ci maddəsi ilə elektron qərar qəbul edərək X4 40 manata məbləğində inzibati cərimə etmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilm xx.xx.2021-cil tarixli EQ5292611 saylı qərardan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “Hummer H3” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Göyçay şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən yol nişanlarının tələblərinə riayət etmədiyindən İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə deyil, Göyçay rayon Polis şöbəsinin DYPB-nın YPX inspektoru X3 tərəfindən mexaniki üsulla (planşetlə) foto şəkil çəkmə yolu ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsaəsn yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Göründüyü kimi X6 barəsində DİN BDYP-nin Mərkəzi Məlumat Xidmətinin Rəisi polis polkovniki X5 tərəfindən xx.xx.2021-cil tarixli EQ5292611 saylı qərar qəbul edilərkən İXM-nin qeyd edilən normaları pozulmuşdur. Belə ki, həmin qərar xüsusi texniki vasitə ilə deyil Göyçay rayon Polis şöbəsinin DYPB-nın YPX inspektoru X3 tərəfindən mexaniki surətdə qeydə alınmışdır. Bundan başqa qeyd edilən qərarda xüsusi texniki vasitələrin göstəriciləri göstərilməmiş, foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmamış, mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməmiş, real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 qanunda nəzərdə tutulmuş yuxarıda qeyd edilən hüquqları pozulduğundan şikayəti təmin edilməli, X6 barəsində DİN BDYP-nin Mərkəzi Məlumat Xidmətinin Rəisi polis polkovniki X5 tərəfindən xx.xx.2021-cil tarixli EQ5292611 saylı qərar üzrə 40 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilməsinə dair DİN BDYP-nin Mərkəzi Məlumat Xidmətinin Rəisi polis polkovniki X5 tərəfindən tərtib olunmuş xx.xx.2021-cil tarixli EQ5292611 saylı qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-31/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-31/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver