Məhkəmə qərarları › İş №3(046)-31/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-31/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-31/2023 23.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X1, Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən Şəxs ASC-i tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Hüquqi ünvanı Göyçay rayonu, Mirzəhüseynli kəndi olan Şəxs ASC-i 133485,00 Avro məbləğində olan vəsaiti bank hesabından 14 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də 133485,00 Avro məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1№-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezident və qeyri- rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğlərini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-i vasitəsilə İspaniyada yerləşən «Alcoholes Y Vinos S.A» şirkətinin ES **********453400000852 hesabına Şəxs ASC-i tərəfindən 133485 Avro məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş "Bank Respublika” ASC-i tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 21 dekabr 2022-ci il tarixli 5573 saylı məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, Şəxs ASC-i bank hesabından 14-16 dekabr 2020-ci il tarixlərində idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödənişlə əlaqədar köçürülmənin aparıldığı tarixdən 2 ildən artıq müddət ərzində mal və ya xidmətin idxalını təsdiq edən sənədləri banka təqdim etməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs ASC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 133485,00 Avro məbləğində valyuta vəsaiti məbləğinin 20 faizi – 26697 Avro məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar