Məhkəmə qərarları › İş №3(046)-313/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-313/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-313/2024 19.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1977-ci ildə Göyçay rayonu, Şəkər kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Göyçay rayonu, Şəkər kəndində qeydiyyatda olan və Göyçay şəhəri, Ş.Qurbanov küçəsi, 20 saylı evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 2(046)-874/2016 saylı, 16 iyun 2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 05 iyul 2008-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 95 manat sabit pul məbləğində alimentin 12 fevral 2016-cı il tarixdən hesablanmaqla tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 18 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-874/2016 saylı, 16 iyun 2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 05 iyul 2008-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 95 manat sabit pul məbləğində alimentin 12 fevral 2016-cı il tarixdən hesablanmaqla tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra məmuru X4 tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Bundan sonra görülmüş icra tədbirləri nəticəsində Şəxs aliment borcundan ödənişlər etməmiş, icra məmuru Tərlan Əhmədzadə borclu ilə dəfələrlə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb borcun ödənilməsini tələb etməsinə baxmayaraq, o şöbəyə gəlməkdən imtina edərək aliment borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə borclunun yaşadığı evə gedilərək məcburi şöbəyə gətirilmiş, aliment borcunun ödənilməsi tələb edilmiş, borclu Şəxs maddi imkanı və xəstəliyinin olduğu üçün borcunu ödəyə bilmədiyini bildirmiş və borcun ödənilməsinə heç bir cəhd göstərməmişdir. Tələbkar Zərərçəkmiş şəxs hər gün şikayətlər edərək borcun ödənilməsini tələb edir. Borclu Şəxs ilə tələbkar Zərərçəkmiş şəxs arasında razılıq əldə olunmamış, buna görə də borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin qətnaməsinə əsasən 05 iyul 2008-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 95 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Aliment borcu ilə bağlı maddi imkanı çatdığı qədər tələbkarın hesab kartına ödənişlər etmiş, son bir ay ərzində xəstəliyi ilə əlaqədar olaraq işləyə bilmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Hal-hazırda işləyə bilmədiyi üçün maddi vəziyyəti ağırdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün aliment borcundan tam ödəniş edə bilməsə də, ona vaxt veriləcəyi təqdirdə aliment borcundan 100 manat ödəniş edəcəkdir. Qalan aliment borcunu səhhəti yaxşılaşdıqdan sonra işləyib hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən hər ay Şəxs 95 manat sabit pul məbləğində alimentin tutalaraq ona ödənilməsi qət edilmişdir. Uşağının saxlanması üçün aylıq aliment pulunun ödənilməsini tələb edir. Halhazırda da göründüyü kimi Şəxs 5220 manat aliment borcunu ödəməyə imkanı yoxdur. Bundan başqa Şəxs bu günədək aliment borcunu tam şəkildə ona ödəməmiş, buna görə də uşağını saxlamaqda çətinliklər çəkmişdir. Aliment borcunun ödənilməsini tam şəkildə tələb etsə də, borclunun sağlamlıq durumunu nəzərə alaraq borcun müəyyən hissəsinin (100 manat) ödənilməsinə də razıdır. Müdafiəçi Göyçay rayon Vəkil Bürosunun vəkili X6 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs maddi vəziyyətini və xəstəliyini nəzərə alınmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 2(046)-874/2016 saylı, 16 iyun 2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 05 iyul 2008-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 95 manat sabit pul məbləğində alimentin 12 fevral 2016-cı il tarixdən hesablanmaqla tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-874/2016 saylı, 16 iyun 2016-cı il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs aliment borcundan 100 manat tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Borclu Əliyev X5 rayon İcra və Probasiya Şöbəsində izahat verərək göstərmişdir ki, barəsində olan 5620 manat aliment borcunu hissə-hissə ödəyəcəyini, ödəmədiyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Fizioterapiya şöbəsində (kabinetində) müalicə olunan pasientin kitabçasından müəyyən olunur ki, borclu Şəxs bazu kələfinin zədələnməsi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə proses iştirakçılarının izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclunun rəsmi iş yeri olmasa da aliment borcundan tələbkar Zərərçəkmiş şəxs ödənişlər etmişdir. Şəxsin hazırda işsiz və səhhətində problem olduğundan tələb olunan məbləği bütöv şəkildə ödəmək imkanının olmadığını bildirməsinə və bu halın real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzrsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Bundan başqa borclu Şəxs ilə tələbkar Zərərçəkmiş şəxs arasında razılıq əldə edilməsi, razılığın olunması tələbkarın məhkəmədə verdiyi izahatında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırda isə borclunun maddi imkanı daxilində aliment borcundan ödənişlər etməsi, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Fizioterapiya Şöbəsinə müraciət etməsi, ixtisaslı həkim Akif Sadıxov tərəfindən xəstəyə bazu kələfinin zədələnməsi diaqnozunun qoyulması, məhkəmə zalında aliment borcundan 100 manat ödəniş etməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin 2(046)-874/2016 saylı, 16 iyun 2016cı il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 18 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar