Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-33/2025 27.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25504210 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25504210 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 23:00-da idarə etdiyi Mercedes Benz GL350 markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə M-4, Bakı-Şamaxı-Yevlax yolunun 212-ci km-də hərəkətdə olarkən onun yolda müəyyən edilmiş sürət həddini 41-60 km/saat aşdığı müəyyən edilmiş, onun barəsində EQ 25504210 nömrəli elektron qərar qəbul edilərək 3 bal və 200 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, onun barəsində tərtib edilmiş EQ 25504210 nömrəli elektron qərar qanunsuzdur və başlanmış icraata xitam verilməlidir. Belə ki, qeyd edilən yolda “J” radar işarəsi mövcud olmadığı halda Yol patrul xidməti əməkdaşı bilərəkdən hərəkət zolağının sağında, sürət həddinin qeyd edildiyi nişanın qarşısında dayanmış, xidməti avtomobilində sayrışan işıqları söndürmüşdür. Bununla da o və digər hərəkət iştirakçılarının asanlıqla xidməti avtomobilinə quraşdırılmış “aypatrul” qurğusunda radara düşməkləri üçün şərait yaratmışdır. Bundan başqa M-4, Bakı-Şamaxı- Yevlax yolunun 212-ci km-də yol patrul xidməti avtomobilinin dayandığı yerdən 200 metr qarşıda radar quraşdırılmışdır. Qeyd edir ki, 'Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ hissəsinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Bundan əlavə, “Yol-patrul xidməti haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001- 17 nömrəli, 12 may 2017-ci il tarixli qərarının 6.8-ci bəndinə əsasən gündüz vaxtı şəhərdaxili post və marşrutlara 1 nəfərdən ibarət piyada, moto və ya avtopatrul naryadı təyin edilə bilər. Şəhərkənarı yollarda, stasionar postlarda və sutkanın qaranlıq vaxtında xidmət aparılması üçün təyin olunan naryadın tərkibi iki nəfərdən az olmamalıdır. Sutkanın qaranlıq vaxtında patrul avtomobillərində xidmətin aparılması zamanı sayrışan işıqlar işlək vəziyyətdə olmalıdır. Lakin YPX əməkdaşı həm ‘Yol hərəkəti haqqında” qanunun tələblərinə, həm də ‘Yol-patrul xidməti haqqında Təlimafın tələblərinə məhəl qoymamış, gecə vaxtı sayrışan işıqları sönülü vəziyyətdə, qanuna zidd olaraq o da daxil olmaqla, həmin yolda hərəkət edən bir neçə nəqliyyat vasitəsini idarə edən şəxslər barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb olmuşdur. Bundan başqa bildirir ki, qeyd edilən sürət nişanından sonra o sürətini saat-da 60 km-ə salmışdır. Qeyd edilənlərdən belə məlum olur ki, onun barəsində EQ 25504210 nömrəli elektron qərar tərtib edildikdə qanuna zidd olaraq alda olunan sübutlardan istifadə olunmuşdur. Bu da onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsasdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25504210 saylı inzibati xəta haqqında iş üzrə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada qərarından şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən qərarında şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25504210 saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi üçün şikayətdə qeyd olunan xüsusatların dəqiqləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən 04 fevral 2025-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə sorğu verilərək inzibati xətanın qeydə alındığı yerdən M-4, Bakı-Şamaxı-Yevlax yolunun 212-ci km-dən qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 «İnformasiya stendi» servis nişanının və ya həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 «Maksimum surətin məhdudlaşdırılması» nişanın quraşdırılıb-quraşdırılmaması, quraşdırıldığı halda servis nişanının və ya 3.24 nişanının mobil xüsusi texniki vasitədən (radardan) qabaqda hansı məsafədə quraşdırılması, bu nişanların yaşayış məntəqəsində və ya yaşayış məntəqəsindən kənarda quraşdırılması barədə məlumatın məhkəmənin növbəti iclasına kimi təqdim olunması xahiş olunmuş, nümayəndə ilə telefon vasitəsilə də bununla bağlı əlaqə saxlanılmış, lakin səlahiyyətli orqan tərəfindən sorğuya cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - iki yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, EQ 25504210 saylı qərarda inzibati xətanının törədilməsini kifayət qədər təsdiq edən sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25504210 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti, qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25504210 saylı qərar ləğv edilməli və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25504210 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25504210 saylı qərarı ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-33/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-33/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver