Məhkəmə qərarları › İş №3(046)-330/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-330/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-330/2024 23.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X2 iştirakı ilə, xx xxxxxxxx 1998-ci ildə Göyçay rayonunda anadan olmuş, subay, orta təhsilli, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-2033/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 1040 manat əsas, 42 manat 40 qəpik cərimə olmaqla, cəmi 1082 manat pulun və ödənilmiş 32 manat 82 qəpik dövlət rüsumunun tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 23 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-2033/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 1040 manat əsas, 42 manat 40 qəpik cərimə olmaqla, cəmi 1082 manat pulun və ödənilmiş 32 manat 82 qəpik dövlət rüsumunun tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs dəfələrlə ünvanına bildiriş göndərilməsinə baxmayaraq borclu çağırışlara gəlməmiş, icra sənədini icra etməkdən qərəzli şəkildə boyun qaçırtmışdır. Buna əsasən xx.xx.2024-cü il tarixdə borclunun axtarışa verilməsi barədə qərar qəbul edilərək Göyçay rayon Polis Şöbəsinə göndərilmiş, polis əməkdaşlarının təkidi ilə borclu icra şöbəsinə gəlmişdir. Görülmüş icra tədbirləri bir nəticə vermədiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan 1082 manat pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Kənd təsərrüfatı işi ilə məşğul olur. Mövsüm vaxtı ziyan etdiyi üçün maddi cəhətdən çətinlik çəkmiş, buna görə də borcunu ödəyə bilməmişdir. Hal-hazırda borclu olduğu puldan 500 manat ödəyir, qalan məbləği ona vaxt veriləcəyi halda xx.xx.2024-cü il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq dövlətə vergi ödəyir. Şəxs işlətdiyi mağazadan hissə-hissə ödəmək şərti ilə əşya götürmüşdür. Götürdüyü əşyanın yarı hissəsini ödəmiş, qalan məbləği ödəməmiş, dəfələrlə ona borcun ödənilməsi ilə bağlı güzəştə getmişdir. Bundan sonra 12 oktyabr 2023-cü il tarixdən Şəxs borcundan heç bir ödəniş etməmişdir. Maddi cəhətdən çətinliklər çəkdiyi üçün borcun ödənilməsini tələb edir. Borclunun izahatında göstərdiklərinə dair bildirir ki, borc məbləğinin az müddətə ödənilməsinə razıdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 2(046)-2033/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 1040 manat əsas, 42 manat 40 qəpik cərimə olmaqla, cəmi 1082 manat pulun və ödənilmiş 32 manat 82 qəpik dövlət rüsumunun tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-2033/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə izahat verərək borclu olduğu puldan heç bir ödəniş etmədiyini, xx.xx.2024-cü il tarixədək 500 manat, qalan hissəsini xx.xx.2024-cü il tarixədək ödəyib qurtaracağını və maddi vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə yazaraq Şəxs borcundan 500 manat ödəniş etdiyini və icra işi üzrə tədbirlərin davam etdirilməsini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə proses iştirakçılarının izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Belə ki, borclu Şəxs məhkəmə iclas zalında borclu olduğu puldan 500 manat ödəməsi, qalan məbləğin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxslə razılığa gəlməsi, şəxsin hazırda tələb olunan məbləği maddi imkanı olmadığı üçün tam şəkildə ödəyə bilməməsini bildirməsinə və bu halın real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzürsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs borclu olduğu puldan 500 manat ödəniş etdiyi, qalan borcunun ödənilməsi ilə bağlı tələbkarla razılığa gəldiyi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-2033/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 23 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X4 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 3 iş saatı müddətində hüquqi yardım üçün 18 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar