Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-332/2024 24.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, zərər çəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2 iştirakı ilə, xx xxx 1987-ci ildə Göyçay rayonu, Şəkili kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olan və Bakı şəhərində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(056)-09/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 01 avqust 2013-cü il tarixdə anadan olmuş X7 və 01 oktyabr 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq X1na verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 24 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 izahat verərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-09/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 01 avqust 2013cü il tarixdə anadan olmuş X7 və 01 oktyabr 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq X1na verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılması haqqında qərarla eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş göndərilmiş, bildirişin çatdırılması ilə bağlı xəbərnamə iş materialına əlavə edilmişdir. Borclu Şəxs borcunu ödəmədiyinə görə tərəfindən yazılı və şifahi qaydada xəbərdarlıq edilmiş, eyni zamanda mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış, lakin borclu bütün bunlara məhəl qoymayaraq aliment borcunu qərəzli şəkildə ödəməkdən yayınmışdır. Bundan sonra borclu Şəxs şöbəyə dəvət olunmasına baxmayaraq borcundan bu günədək 300 manat ödəniş etmiş, 2500 manat borcu qalmışdır. X1 borcludan aliment borcunun ödənilməsini tam şəkildə tələb edir və bununla bağlı dəfələrlə şikayətlər etmişdir. Borclu Şəxs ilə X1 arasında razılıq olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı şəhərində bağ evində fəhləlik edərək maddi təminatını qarşılayır. Məhkəmə qətnaməsinə əsasən ondan hər ay iki uşağın saxlanılması üçün 280 manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra təyin edilmiş aliment borcundan 300 manat ödəniş etmiş, qalan aliment borcunu işlədiyi yerdən üç aydır ki, əmək haqqı ala bilmədiyi üçün ödəyə bilməmişdir. Ona üç gün möhlət verildiyi təqdirdə aliment borcundan 900 manat ödəyəcəkdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X10 izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Şəxs hər ay iki uşağın saxlanılması üçün 280 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən bu günədək Şəxs ona 300 manat pul ödəmiş, qalan 2500 manat aliment borcunu qərəzli şəkildə ödəməkdən yayınmış və valideynlik vəzifəsini unudaraq uşaqlarının həyat şəraiti ilə maraqlanmamışdır. Aliment borcunun ödənilməsini tam şəkildə tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabirabad Rayon Məhkəməsinin 2(056)-09/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 01 avqust 2013-cü il tarixdə anadan olmuş X7 və 01 oktyabr 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq X1na verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(056)-09/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə izahat verərək tələbkara 2500 manat aliment borcu olduğunu, əmək haqqı alan kimi ödəyəcəyini, ödəmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görülməsinə etirazı olmadığını bildirmişdir. İşin materiallarından görünür ki, Şəxs borcundan ödəniş etmədiyi üçün 2500 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Sabirabad Rayon Məhkəməsinin 2(056)-09/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında borclu Şəxs Bakı şəhərində işlədiyi yerdən üç ay müddət əmək haqqı ala bilmədiyi üçün borcunu ödəyə bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumentin üzrlü səbəb kimi qiymətləndirilməsi üçün əsaslın olmaması qənaətindədir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs işlədiyi yerdən son üç ay müddətində əmək haqqı ala bilmədiyini, ona üç gün müddət veriləcəyi təqdirdə borcundan 900 manat ödəməsini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək bu halın real olmamasını qeyd edir və irəli sürülən bu vəsatətini qətnamənin icrasından yayınmaq kimi qiymətləndirir. Çünki əmək haqqının ala bilmədiyini üzrlü səbəb kimi icra məmurunun zənglərinə cavab verməklə və çağırışları üzrə gəlməklə göstərə biləcəyi halda, yəni məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədinin olmadığını bildirmək imkanı olduğu təqdirdə bunu qərəzli şəkildə etməmişdir. Həmin fakt iş materiallarında olan sənədlərdə, icra məmuru və zərər çəkmiş şəxsin məhkəmədə verdiyi izahatında öz təsdiqini tapmışdır. Bu səbəbdən onun göstərdiyi dəlillər məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verir. Bununla da, borclu Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 24 aprel 2024-cü il tarixdən saat 16:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X3 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 3 iş saatı müddətində hüquqi yardım üçün 18 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-332/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-332/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver