Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-34/2025 24.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X4 və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Göyçay rayonu, Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Yekəxana kəndində qeydiyyatda olan və Bakı şəhərində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-2368/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 17 oktyabr 2019-cu il tarixdən başlayaraq, 21 may 2010-cu il təvəllüdlü X2 və 25 fevral 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 24 yanvar 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-2368/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 17 oktyabr 2019-cu il tarixdən başlayaraq, 21 may 2010-cu il təvəllüdlü X2, 25 fevral 2014-cü il təvəllüdlü X6 adlı uşaqların 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat aliment iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılması haqqında qərarla eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş rəsmi qaydada verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs ödəməli olduğu 15120 manat aliment borcundan 1350 manat ödəmiş, 13770 manat aliment borcu qalmışdır. Bundan başqa borclu inzibati xəta haqqında protokol tərtib edildikdən sonra mobil telefonda olan qəbzləri təqdim edərək aliment borcundan hissəhissə 1750 manat ödəniş etdiyini göstərmiş, borclu Şəxs ümümilikdə 12020 manat aliment borcu qalmışdır. Tərəflər arasında razılıq əldə olunmadığı üçün icra sənədinin icra olunması istiqamətində çətinliklər yaratmışdır. Borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan iki uşağın saxlanılması üçün hər ay 240 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Nikahı pozulduqdan sonra ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan bir azyaşlı övladı olmuşdur. Bakı şəhərində fəhləlik edərək ailəsinin maddi təminatını qarşılayır. Məhkəmə qətnaməsinə əsasən aliment borcundan Zərərçəkmiş şəxs hər ay pul istəmiş, imkanı olduğu qədər 50-100 manat civarında ödənişlər etmişdir. xx.xx.2024-cü il tarixdə barəsində axtarış qərarı verilmiş, lakin axtarışda olması ilə bağlı nə Göyçay rayon İcra və Probasiya Şöbəsi nə də Göyçay rayon Polis Şöbəsi tərəfindən ona məlumat verilməmişdir. Mediasiya təşkilatında iştirak etməsi ilə bağlı ona məktub gəlmiş, həmin məktub əsasında o, mediasiya gəldikdə Zərərçəkmiş şəxs ona uşaqlarına etibarnamə verməsini, uşaqlarını götürərək ölkə ərazisini tərk edəcəyini və bu haqda ona heç bir məlumat verməyəciyini bildirmiş, lakin o razı olmamışdır. Mediasiya təşkilatından çıxdıqdan sonra polis əməkdaşları ona yaxınlaşmış, axtarışda olmasını bildirərək icra şöbəsinə aparmışlar. Yevlax Rayon Məhkəməsində məhkəmə prosesi vaxtı ona heç bir məlumat verilməmiş, məhkəmədə iştirak etməmiş, işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsindən 1 il sonra ona bildirilmişdir ki, aliment borcu vardır. Hal-hazırda aliment borcundan heç bir ödəniş edə bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Eyaz qızı izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Şəxs hər ay 240 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu Şəxs iddia edir ki, fəhləlik edirək maddi təminatını qarşılayır. Onun göstərdiklərinin heç biri həqiqəti əks etdirmir. Belə ki, o Bakı şəhərində özəl şirkətlərin birində işləyir. Öz adına avtomobili vardır. O, Şəxs təklif etməmişdir ki, uşaqları ölkə xaricinə aparır və buna görə də aliment pulundan imtina edir. Uşaqlarının ölkə xaricinə aparması ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, yaxın müddət ərzində məhkəməyə müraciət edəcəkdir. Hal-hazırda aliment borcunun ödənilməsini hissə-hissə deyil tam şəkildə tələb edir. Əks halda borclu Şəxs barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. X1 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyətini nəzərə alınmasını və aliment borcunun ödənilməsi ilə bağlı ona vaxt verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-2368/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 17 oktyabr 2019-cu il tarixdən başlayaraq, 21 may 2010-cu il təvəllüdlü X2, 25 fevral 2014-cü il təvəllüdlü X6 adlı uşaqların 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat aliment iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2368/2019 saylı, 20 noyabr 2019-cu il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. İşin materiallarından görünür ki, Şəxs borcundan ödəniş etmədiyi üçün 13770 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-2368/2019 saylı icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında borclu Şəxs maddi imkanı olmadığı üçün aliment borcundan ödəniş etmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumentin üzrlü səbəb kimi qiymətləndirilməsi üçün əsas olmaması qənaətindədir. Məhkəmə sağlam və əmək qabiliyyətli bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəaliyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Bununla da, borclu Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hazırkı iş üzrə Şəxs məhkəmə prosesinə qədər sözügedən icra sənədi üzrə ödənilməli olan borc məbləğindən heç bir ödəniş etməmişdir. Məhkəmə zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcundan hissə-hissə 1750 manat ödəniş etdiyini göstərsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, göstərdikləri öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs protokol tərtib edilənədək icra sənədi üzrə ödəməli olan məbləğdən və protokol tərtib edildikdən sonra məhkəmə iclası zamanı tələbkara ödəniş etməməsi, icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirilməməsi anlamını inkar edə bilməz. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh növü tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 24 yanvar 2025-ci il tarixdən saat 16:45-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X5 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-34/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-34/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver