Məhkəmə qərarları › İş №3(046)-353/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-353/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-353/2024 02.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2 iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Göyçay rayonu, Ləkçılpaq kəndində anadan olmuş, evli, himayəsində iki az yaşlı uşağı olan, orta təhsilli, işsiz, Göyçay rayonu, Ləkçılpaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin e-2(046)-675/2023 saylı, 04 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8000 ABŞ dolları pulun Azərbaycan manatı ilə məzənnəsi, hüquqi yardım üçün ödənilmiş 500 manat pul və ödənilmiş 130 manat 80 qəpik dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 02 may 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin e-2(046)-675/2023 saylı, 04 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8000 ABŞ dolları pulun Azərbaycan manatı ilə məzənnəsi, hüquqi yardım üçün ödənilmiş 500 manat pul və ödənilmiş 130 manat 80 qəpik dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs ünvanına tələbin könüllü icrası ilə bağlı bildiriş və qərar göndərilmiş, bildirişi aldıqdan sonra borclu icra şöbəsinə gəlmiş, xurma məhsulu alqı-satqısı işi ilə məşğul olduğunu deyərək borc məbləğinin müəyyən bir qismini 2024-cü ilin yanvar ayında verəcəyini bildirmişdir. Həmin vaxtlarda borclunun ünvanına getmiş, yaşadığı evə baxış keçirən zaman onun evində ailənin zəruri ehtiyacını ödəyə biləcək əmlaklarından başqa hər hansı bir qiymətli əşya və əmlaklarının olmaması tərəfindən aşkar olunmuşdur. Bundan sonra borcluya borcun ödənilməsi ilə bağlı vaxt verilmiş, borclunun atası icra şöbəsinə gələrək Göyçay rayon Telekommunikasıya İdarəsində işlədiyini, oğlunun borclu olduğu puldan hər ay 200 manat aylıq əmək haqqısından ödəyəcəyin və borc məbləğindən 500 manat ödəmək istədiyini bildirmiş, lakin tələbkar Zərərçəkmiş şəxs həmin pulu götürməkdən imtina edərək razılaşmamışdır. Tərəflər arasında razılıq olmadığı üçün borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda borclu Şəxs borcundan 500 manat ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən borclu olduğu puldan məlumatı vardır. Həmin borcun yaranmasına səbəb əvvəllər xurma alqı-satqısı işi ilə məşğul olmuş, ziyan etdiyi üçün borcu yaranmışdır. Hal-hazırda borclu olduğu puldan 500 manat ödəyir, qalan borcu hər ay hissə-hissə ödəyəcəkdir. Müdafiəçi Göyçay rayon Vəkil Bürosunun vəkili X4 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs maddi vəziyyətini nəzərə alınmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin e-2(046)-675/2023 saylı, 04 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8000 ABŞ dolları pulun Azərbaycan manatı ilə məzənnəsi, hüquqi yardım üçün ödənilmiş 500 manat pul və ödənilmiş 130 manat 80 qəpik dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(046)-675/2023 saylı, 04 may 2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən 499.60 manat məbləğində pul Zərərçəkmiş şəxs ödənilmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsində izahat verərək göstərmişdir ki, hal-hazırda borclu olduğu puldan 500 manat ödədiyini, qalan borcu hissə-hissə ödəyəciyini, əks təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclu olduğu puldan 500 manat ödəniş etmişdir. Şəxsin hazırda tələb olunan məbləği bütöv şəkildə ödəmək imkanının olmadığını bildirməsinə və bu halın real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzrsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırda isə borclu Şəxs borclu olduğu puldan 500 manat ödəməsi öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin e-2(046)-675/2023 saylı, 04 may 2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 02 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar