Məhkəmə qərarları › İş №3(046)-354/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-354/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-354/2023 26.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri Nizami küçəsi ev 197B mənzil 10-da yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrindən Göyçay RPŞ-nin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(046)-354/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 manat inzibati qaydada cərimə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarına əsasən Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş,Göyçay Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 3(046)-354/2023 nömrəli qərarı ləğv edilmiş və İnzibati xəta haqqında iş yenidən baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus VAZ 2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən, YPX-nin əməkdaşı onu saxlatmış, avtomobilində əlavə avadanlıq quraşdırıldığını bildirərək, avtomobilinin Göyçay RPŞ-nin müvəqqəti duracağa aparılacağını bildirdi. Polis əməkdaşı ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində avtomobilində əlavə avadanlıq (baqaj) olduğuna görə qanunu pozmadığını bildirib, etiraz etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, protokol tərtib edən şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir Azərbaycan Respublikası 96.3-cü maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsinin idarə edilməsindən kənarlaşdırılma barədə protokol tərtib edilməmiş və ona həmin protokolun surəti təqdim edilməmişdir. Həmin Məcəllənin 96.3-cü maddəsində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs idarə etdiyi avtomobilin damında müəyyən əşyaları daşımaq üçün baqaj konstruksiyası quraşdırması, həmin konstruksiyanın bir neçə boltla bərkidildiyinə görə baqaj konstruksiyasının demontaj edilməsi üçün qısa bir vaxt və açar lazım olduğunu bildirməsi və bu halın yerində aradan qaldırıla bilən olması bildirilsə də polis əməkdaşları buna imkan verməmiş, beləliklə də İXM-in 96.1.5-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-in 96.1-ci maddəsinin tələblərinə əsasən fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. Azərbaycan Respublikası İXM-nin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İXM-nin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığında barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar