Məhkəmə qərarları › İş №3(046)-361/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-361/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-361/2024 06.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2 iştirakı ilə, xx xxxxxxx 1977-ci ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, taksi fəaliyyəti işi işlə məşğul olan, Göyçay rayonu, 50-ci məhəllədə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 2(046)-780/2023 saylı, 08 iyun 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs əmlak və ya onun ümumi dəyəri 6002 manat məbləğində pul və 62 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 06 may 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-780/2023 saylı, 08 iyun 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs ümumi dəyəri 6002 manat məbləğində pul və 62 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs ünvanına tələbin könüllü icrası ilə bağlı bildiriş və qərar göndərilmiş, bildirişi aldıqdan sonra borclu icra şöbəsinə gəlmişdir. Tələbkar Zərərçəkmiş şəxs əmlakların götürülməsi ilə bağlı icra işi xx.xx.2024cü il tarixə təyin edilmişdir. Təyin edilmiş icra işi ilə bağlı borclu Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirak etmişdir. Tələbkar Zərərçəkmiş şəxs naturada olan əmlaklardan bir qismini götürmüş, bir qisminin pulunu dövlət rüsumu ilə birlikdə borclu tərəfindən ödənilmiş, bununla bağlı aktda müvafiq qeydlər aparılmışdır. Tələbkar Zərərçəkmiş şəxs əmlakların bir qismini götürməkdən imtina etmiş, səbəb olaraq göstərmişdir ki, həmin əmlaklar ona aid deyildir. Ümumi olaraq borclu 6064 manat puldan bir qismini ödəmiş, 4610 manat borcu qalmışdır. Tərəflər arasında razılıq əldə olunmadığı üçün borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilən vaxt borclunun iş yeri olmadığı üçün borc məbləği əmək haqqısına yönəldilə bilməmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən çıxarışda borclu Şəxs "xxxx" MMC-də sürücü vəzifəsində işləyərək 365 manat əmək haqqı aldığı müəyyən olunmuş, borc məbləğinin borclunun əmək haqqısına yönəldilməsi ilə bağlı tərəfindən icra tədbirləri həyata keçirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən borclu olduğu puldan məlumatı vardır. Həmin borcla bağlı bildirir ki, tələbkar Zərərçəkmiş şəxs ilə 20 il bundan qabaq aralarında bağlanmış nikah pozulmuş, həmin vaxt tələbkar ona aid olan cehiz əmlakını götürməmişdir. Həmin dövr ərzində vaxtı-vaxtında ona təyin edilmiş aliment puldan ödənişlər etmiş, tələbkara aid olan cehiz əmlakını qoruyub saxlamışdır. 2023-cü il tarixdə tələbkar cehiz əmlakı ilə bağlı iddia qaldırmış, məhkəmə qətnaməsinə əsasən ondan 6002 manat məbləğində pul və 62 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə bağlı əmlakların müəyyən bir qismini qaytarmış, naturada olan əmlakların pulunu dövlət rüsumu ilə birlikdə ödəmiş, lakin Zərərçəkmiş şəxs qalan əmlakları onun olmadığını iddia edərək götürməkdən imtina etmişdir. O, icra məmurunun bütün tələblərini yerinə yetirərək icra sənədini icra etməkdən boyun qaçırmamış, borcun ödənilməsi ilə bağlı aylıq əmək haqqısından pul tutularaq hissə-hissə tələbkara ödənilməsi icra məmuru tərəfindən ona bildirilmişdir. Müdafiəçi Göyçay rayon Vəkil Bürosunun vəkili X5 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs maddi vəziyyətini nəzərə alınmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 2(046)-780/2023 saylı, 08 iyun 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs əmlak və ya onun ümumi dəyəri 6002 manat məbləğində pul və 62 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-780/2023 saylı, 08 iyun 2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən sorğulanmış çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də sürücü vəzifəsində işləyərək 365 manat əmək haqqı alır. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsində izahat verərək göstərmişdir ki, naturada olmayan əşyaların bir qismini Zərərçəkmiş şəxs ödədiyini, qalan əmlakların bir hissəsini Zərərçəkmiş şəxs natura halında götürsə də, digər əmlakları götürmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclu icra sənədi ilə bağlı əmlakların müəyyən bir qismini qaytarmış, digərlərini isə qoruyub saxlayaraq tələbkara təklif etmiş, olmayan əşyaların pulunu dövlət rüsumu ilə birlikdə ödəmişdir. Hazırda borcluda olan əmlak tələb olunan cehiz əmlakı olmadığını sübuta yetirmək mümkün olmamış və bu halın real olmasına baxmayaraq borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzrsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırda isə borclu icra sənədinin icrası ilə bağlı əmlakların müəyyən bir qismini qaytarması, naturada olan əmlakların pulunu dövlət rüsumu ilə birlikdə ödəməsi, əmlakların bir qisminin tələbkar tərəfindən götürülmədiyi icra məmurunun məhkəmədə verdiyi izahatında öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin 2(046)-780/2023 saylı, 08 iyun 2023cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 06 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X4 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 3 iş saatı müddətində hüquqi yardım üçün 18 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar