Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-367/2024 09.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5, müdafiəçi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1997-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir az yaşlı uşağı olan, işsiz, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli və ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Göyçay şəhəri, Z.Nəcəfov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis şöbəsinə gətirilərkən narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Buna görə də onun barəsində İXM-nin 206-cı və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs tərtib edilmiş protokolları imzalamaqla tanış olmuşdur. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahat verərək bildirdi ki, icraatına daxil olmuş raporta əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Göyçay şəhəri, Z.Nəcəfov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis şöbəsinə gətirilərkən bir həftə bundan əvvəl narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserində həkim narkoloqun iştirakı ilə müayinədən keçirilmiş, müayinə zamanı onun narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini qismən qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı Göyçay şəhəri, Z.Nəcəfov küçəsində dostu ilə birlikdə onun avtomobilinin yanında söhbət edən zaman onların yanından iki mülki geyimli şəxs keçmiş, həmin vaxt əsnasında o həmin şəxslərə fikir verməyərək yaşadığı evə tərəf gedərkən mülki geyimli şəxslər polis olduğunu deyərək ona dayanmasını bildirmişlər. Həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, ondan burada bu vaxt nə etdiyini soruşduqda əsəbi olduğu üçün polis əməkdaşlarına istəməyərəkdən aqressiv cavab vermişdir. Daha sonra polis əməkdaşları ona onlarla birlikdə rayon polis şöbəsinə getməsini tələb etdikdə heç bir tabesizlik göstərməyərək polis şöbəsinə getmişdir. Polis şöbəsində əməkdaş ondan şübhələnərək narkotik vasitə istifadə edib-etməməsini soruşduqda bir həftə bundan əvvəl narkotik vasitə olan marixuana istifadə etdiyini demişdir. Törətdiyi əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Məhkəmədən bir az yaşlı uşağının olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsin xahiş edir. Məhkəmə iclasında müdafiəçi X4 hüquqlarını müdafiə etdiyi şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olarkən tanış olmuşdur. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında da göstərildiyi kimi polis əməkdaşının tələbləri qanuni olmalıdır. Bildirir ki, polis əməkdaşları hüquqlarını müdafiə etdiyi şəxsə mülki geyimdə yaxınlaşmış, belə olan halda müdafiə etdiyi şəxsin polis əməkdaşlarının qanuni tələblərinə tabe olub-olmaması şübhə yaradır. Belə ki, müdafiə etdiyi şəxs polis əməkdaşlarını əvvəlcədən polis əməkdaşı kimi tanımamışdır. Müdafiə etdiyi şəxs İXM-nin 206-cı maddəsi ilə özünü təqsirli bilir. Məhkəmədən onun ailə vəziyyətini, az yaşlı uşağının olmasını, epilepsiya xəstəsi olmasını, eyni zamanda arvadının hamilə olmasını nəzərə alaraq barəsində aşağı həddə cərimə cəzasının təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs bir həftə bundan əvvəl narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Göyçay şəhəri, Z.Nəcəfov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:20-də inzibati qaydada tutulmuşdur. 08 may 2024-cü il tarixli, 1524/2024 saylı "Sərxoşuluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın 08 may 2024-cü il tarixli 799 nömrəli rəyində göstərilmişdir ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzəb çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoliji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2024-cü tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin XÜBİ polis kapitanı İlkin Bədəlov rayon polis şöbəsinin rəisinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində İTB-nin sahə rəisi polis kapitanı Xəlil Əlizadə ilə birlikdə Göyçay şəhəri, Z.Nəcəfov küçəsində xidmətdə olarkən “Vaz 2107” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dayanmış vəziyyətdə şübhəli olduğu üçün ona yaxınlaşıb özlərini təqdim edən zaman avtomobilin yanında dayanan Şəxs onlara kobud cavab verərək mübahisə etməyə başlamış, onlar onu nizamintizama dəvət etdikdə qaçmağa cəhd göstərmişdir. Daha sonra həmin şəxs saxlanılaraq qanuni tələblərinə tabe olmadığı üçün rayon polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində qaçma səbəbini soruşduqda narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs əməlində protokolda qeyd edilən 206-cı maddəsində nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 535.1-ci maddə ilə inzibati xəta hadisəsi baş vermədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Məhkəmə bununla bağlı aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin məzmununa görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dizposiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə səbəb olur. Qeyd olunan hüquq normasının tələblərinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı meyarlar olmalıdır: 1) polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməlidir: 2) bu zaman hüquqpozmanın subyekti ictimai qaydanı pozmalıdır; 3) subyekt ictimai qaydanı pozarkən, onun mühafizəsi vəzifələrini icra edən polis işçisinin tələblərinə qəsdən tabe olmamalıdır; 4) Polis işçisinin tələbi qanuni, yəni onun icra edici vəzifələr uygun olmalıdır. Göründüyü kimi inzibati xəta üzrə məsuliyyətin yaranması üçün şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis əməkdaşının qanuni tələblərinin yerinə yetirilməməsi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə, işin faktiki hallarını araşdırarkən belə nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarıda qeyd olunan elementləri pozulmamışdır. Bir sözlə, ilk növbədə qeyd olunan inzibati xəta tərkibinin yaranması üçün şəxsdən tələb olunan hərəkət qanuni olmalıdır ki, ondan imtina da müvafiq məsuliyyətə səbəb olsun. Şəxs münasibətdə isə bu hal baş verməmişdir. Şəxs həmin vaxt hansısa digər hərəkəti ilə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətə yol verməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim olunmamış, təqdim edilən sübutlar isə əməldə inzibati xəta tərkibinin olması qənaəti üçün əsas deyildir. Ona görə məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsi ilə təsbit olunmuş qaydada, inzibati məsuliyyətə cəlb olunan Şəxs təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməli olduğu nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarından da görünür ki, məhkəməyə təqdim edilmiş araşdırma materialı da qüsurlu olmuşdur. Çünki, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Həmin protokoldan aydın olmur ki, şəxs polisin hansı qanuni tələblərinə tabe olmamışdır və həmin tabe olmama nədə ifadə olunur. Belə ki, inzibati xəta haqqında protokolda şəxsin İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməsi göstərilsə də, qanuni tələbin nədən ibarət olması aydın olmamış, xətanın mahiyyəti bilinməmişdir. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokolda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi əsaslandırılmamışdır. Eyni zamanda Şəxs məhkəmə iclasında İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə özünü təqsirli bilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati qaydada həbs edilmiş şəxs özünü təqsirli bilmədiyindən polis əməkdaşları ilə yanaşı hadisənin şahidi olmuş şəxslərin bir qismi müəyyən edilməklə izahatları alınmalı, yəni yalnız eyni xidməti funksiyanı həyata keçirən polis əməkdaşlarının izahatları ilə kifayətlənməməli idi. Bu hal inzibati araşdırmanın səthi və natamam aparılmasını göstərməklə yanaşı, vətəndaşa münasibətdə qərəzsizliyi şübhə altına alır. Belə olduğu halda, polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrinin icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olunmamasından da söhbət gedə bilməz. Ona görə ki, qeyd olunduğu kimi Şəxs hərəkətlərində istinad edilən qaydanın pozulması faktı sübuta yetirilmir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun elementlərindən olan pozuntunun obyekti (bu maddə ilə qorunan ictimai münasibətlər), obyektiv tərəfi (maddədə göstərilən hüquq pozuntusuna səbəb olan fəaliyyət) və subyektiv tərəfi (şəxsin öz hərəkətlərinə dair zehni münasibəti) müəyyən olunmadığından, o, qeyd olunan maddə ilə təqsirli sayıla bilməz və onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə edərək Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 13-cü qrafasına əsasən Marixuana (kannabis) – narkotik vasitə kimi qeyd edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədə müvafiqdir. Nəzərə alınmalıdır ki, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 may 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X3 oğluna verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-367/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-367/2024
09.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver