Məhkəmə qərarları › İş №3(046)-369/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-369/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-369/2022 03.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta protokolu tərtib etmiş Göyçay RPŞ-nin sahə rəisi polis kapitanı X2 iştirakları ilə, Şəxs barəsində Göyçay rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nın 535.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Göyçay rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Göyçay şəhəri H.Əliyev prospektində xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 23:45 radələrində Göyçay şəhərində yerləşən marketlərin birindən siqaret alaraq yaşadığı Göyçay şəhəri H.Əliyev prosektində yerləşən fərdi yaşayış evinin qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını, qapılarının qarşısında dayanmış vəziyyətdə olan Ford markalı nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadığına görə ona irad bildirmişlər. Özlərini mülki geyimdə polis əməkdaşları kimi tanıtdıran şəxslər barəsində dərhal DİN-nin 102 qaynar xəttinə məlumat vermiş, daha sonra 2 nəfər polis əməkdaşı gəlmiş, onu Göyçay rayon PŞ-nə aparmaq istəmişlər, onlardan PŞ-nə aparılmağının səbəbini soruşduqda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını bildirmişlər. Hesab edir ki, protokolda qeyd edilən polisin qanuni tələblərinə tabe olmadığı barədə göstərilənlər tam əsassızdır. Həmin vaxt heç bir qayda pozuntusuna yol verməmiş, polis əməkdaşlarına qarşı kobudluq etməmiş, ictimai qaydanı pozmamış və onlara müqavimət göstərməmişdir. Məhkəmədə inzibati xəta protokolu tərtib etmiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X6 izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Göyçay şəhəri H.Əliyev prospektində xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onu nizam-intizama dəvət etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. Məhkəmədə şahid qismində izahat verən X10 göstərmişdir ki, Göyçay rayon polis şöbəsində Şəxs barəsində yazılan ərizə onun adından yazılsa da sözügedən ərizəni özü yazmamış və oxumayaraq imza etmişdir. Şəxs heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində izahat verən Göyçay RPŞ-nin PPX-nin polis nəfəri X3 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində PPX-nin polis nəfəri polis kiçik serjantı X5 ilə birlikdə xidmətdə olarkən Göyçay şəhəri H.Əliyev prospektində bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini eşidərək ona yaxınlaşmış, özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişdir. Buna baxmayaraq o, öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə tabe olmamış, Ford markalı nömrəsiz avtomaşının kimə məxsus olduğunu aydınlaşdırmaq istədikdə Şəxs onlara heç bir sənəd təqdim etmək istəmədiyini bildirmiş, onların belə səlahiyyəti olmadığını göstərməklə qanuni tələblərinə tabe olmamışdır. Göyçay RPŞ-nin PPX-nin polis nəfərləri X5 və X8 məhkəmədə izahat vermiş şahid X1 göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetsə də, onun inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Habelə, X4 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxsin barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini nəzərə alaraq hesab edir ki, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta uzanan inzibati xəta hadisəsi sayıla bilməz. Ona görə ki, burada yalnız bir dəfə inzibati xəta baş verir və bu xəta vahid niyyətlə əhatə olunur, heç bir halda inzibati xəta uzanan formada davam etmir. Maddənin dispozisiyasından da göründüyü kimi xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığı anında törədilmiş olur. Bu halda isə xətanın müəyyən müddət ərzində fasiləsiz davam etməsi mümkün deyildir, yəni inzibati xəta ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığı anda törədilir və həmin anda da başa çatır. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi həmin Məcəllənin 39-cu fəslinə, yəni idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara daxil edilmiş və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmədiyindən, bu müddət 3 ay müəyyən edilmişdir. Göyçay rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2022-ci il tarixli protokol baxılması üçün Göyçay Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Qanunvericiliyin tələbinə əsasən, hazırki iş üzrə Şəxs inzibati xətanı xx.xx.2022-ci il tarixdə törədiyindən və həmin vaxtdan 3 aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar