Məhkəmə qərarları › İş №3(046)-372/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-372/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-372/2023 06.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi X4, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 iştirakı ilə, X2 Bakı şəhər BPİ-nin X14 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X7 Bakı şəhər BPİ-nin X14 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə şikayət vermişdir . Şikayətini onunla əsaslandırmışdır ki, 27 may 2023-cü il tarixdə, saat 00:42-də idarə etdiyi avtomobil ilə Bakı şəhəri Həsən Əliyev küçəsindən şəhər istiqamətinə doğru hərəkətdə olmuş, hərəkətdə olan zaman arxa tərəfdən gələn Bakı şəhəri X13 İdarəsinin YPX-nin əməkdaşı ona saxla işarəsi əmri vermiş, o əmrə tabe olaraq avtomobili saxlamışdır. Onun avtomobilinə yaxınlaşan YPX-nin əməkdaşına avtomobili nə səbəbə görə saxlanılmasının səbəbini soruşduqda ona “siz maşın idarə edən zaman telefonla danışırdınız” demişdir. O, YPX-nin əməkdaşına etiraz edərək tələbini sübut etməsini tələb etmişdir. YPX-nin əməkdaşı iddia etdiyi kimi maşını idarə edən zaman telefonla danışmağının video çəkilişini ya da foto çəkilişini göstərməyini tələb etmiş, polis əməkdaşı ona xidməti avtomobilində video kameranın görüntünü qeydiyyata aldığını bildirmişdir. YPX-nin əməkdaşına video çəkilişi ona göstərilməsini xahiş etmiş, polis əməkdaşı video görüntünü göstərməkdən imtina edərək “protokol yazacam get ver məhkəməyə” demişdir. YPX-nin əməkdaşı protokol yazmaq üçün xidməti avtomobilinə tərəf getdikdə onun maşının qarşısında **-UD-*** dövlət nömrə nişanlı avtomobil saxlamış, avtomobildən düşən şəxs X12 xidməti avtomobilinə yaxınlaşaraq polis əməkdaşı ilə bir neçə dəqiqəlik danışıqları olmuşdur. Daha sonra polis əməkdaşı ilə həmin şəxs birlikdə ona yaxınlaşmış, polis əməkdaşı həmin şəxsə sən görmüsən bu şəxsin avtomobil idarə edən zaman telefon ilə danışdığını deyərək ona sual vermiş, həmin şəxs cavabında hə görmüşəm bildirmişdir. Sonradan həmin şəxsin polis əməkdaşı olduğunu bilmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, onun barəsində yazılmış protokol düzgün tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati xəta ilə bağlı tərtib edilmiş protokolda “sürücünün qeydləri deyilən hissə olmalıdır. Ona təqdim edilmiş bu protokolda belə bir hissə yoxdur və protokol ona təqdim edilən zaman o protokolun belə formada tərtib olunmasına etiraz etdikdə polis əməkdaşı ona “biz belə tərtib edirik” «yazılmış protokol qanunvericiliyimizə uyğun tərtib edilib edilməyibsə həmin protokol ləğv edilməlidir» demişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola xx.xx.2023-cü il tarixdə saat 13.00-da baxılması barədə ona bildiriş göndərilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Bakı şəhər BPİ-nin X14 İdarəsinə gəldikdə ona bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə artıq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərarın surəti xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Buna görə də şikayətin təmin edilməsini xahiş edir. Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, X7 27 may 2023- cü il tarixdə saat 00:42 radələrində Bakı şəhəri Əhməd bəy Ağaoğlu küçəsi ilə KİA SORENTO minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən mobil telefondan istifadə etdiyinə görə saxlanılmışdır. 27 may 2023-cü il tarixində xətanı aşkar etmiş YPX inspektoru polis serjantı X6 dərhal inzibati xəta haqqında protokol tərtib etmiş xətanın mahiyyəti barədə məlumat verərək hüquq və vəzifələrini izah etmişdir. Eyni zamanda həmin vaxt X7 tərəfindən hərəkətdə olarkən mobil telefondan istifadə etməsi digər mexaniki nəqliyyat vasitələrinin sürücüləri tərəfindən verilmiş izahatda öz əksini tapmışdır. Həmin faktı X7 öz şikayətində təsdiq etmişdir. «Yol hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Buna görə də şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şəxsi dinləyərək habelə iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə poçta verilmiş, xx.xx.2023-cü il tarixdə ünvan sahibinə çatdırılmış zərfdəki olan bildirişdən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə saat 13:00-a Bakı şəhər BPİ-nin X14 İdarəsinə işin baxılmasında iştirak etmək üçün çağırılmışdır. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi inzibati xətalar qanunu səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına inzibati xətalar haqqında işlər üzrə sənədlərin (qərarlar, qərardadlar, protokollar, bildirişlər) sifarişli poçt göndərişi ilə çatdırılmasını, sifarişli poçt göndərişi çatdırılarkən ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişinin kötüyünə imza etdirilməklə verilməsini, bildirişin işə baxılması tarixinə ən azı 5 gün qalmış verilməsini müəyyən etmişdir. Bu qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilməsi müəyyən edilmişdir. Buna baxmayaraq hazırki iş üzrə tədqiq edilmiş sübutlardan inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə bildirişin göndərilməsi, işə baxılmasının 14 iyun 2023cü il saat 13.00-a təyin edilməsi və bildirişin X5 ünvanlanmış zərfin üzərində olan möhürə görə xx.xx.2023-cü il tarixdə ona çatdırılması müəyyən olunduğu halda, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə, yəni işə baxılması müəyyən edildiyi tarixdən 6 gün əvvəl qəbul edilmişdir. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada X5 xəbər verildiyi halda işə onun iştirakı olmadan təyin edilmiş tarixdən əvvəl baxılmış, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılması qeyri-mümkün olduğu halda Bakı şəhər BPİ-nin X14 İdarəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını pozaraq onun iştirakı olmadan işə baxaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin , səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli , tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə hesab edirəm ki, inzibati xəta haqqında icraat aparılarkən barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxsə işə baxılmasının yeri və müddəti barədə məlumatın verilməsinə baxmayaraq, təyin edilmiş tarixdən əvvəl işə iştirakını təmin etmədən baxılması onun İXM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması kimi qiymətləndirilməli, buna görə də şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ-nin X14 İdarəsinin polis mayoru X1 “inzibati tənbeh vermə haqqında” 08 iyun 2023-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Bakı şəhər BPİ-nin X14 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134 və 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət qismən təmin edilsin. X2 İXM-nin 342.6-cı maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə edilməsinə dair Bakı şəhər BPİ-nin X14 İdarəsinin polis mayoru X1 “inzibati tənbeh vermə haqqında” 08 iyun 2023-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin. X7 barəsində Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin X14 İdarəsinə göndərilsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar