Məhkəmə qərarları › İş №3(046)-375/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-375/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-375/2023 19.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X1, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayon Bığır kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 16 iyun 2023-cü il tarixdə saat 02 radələrində sərxoş vəziyyətdə Göyçay rayon Polis Şöbəsinin nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən ictimai qaydanın mühafizə vəzifələrini icra edən Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 16 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Göyçay şəhərində yerləşən kafelərin birində həmkəndlisi Müqəddəs ilə birlikdə spirtli içki qəbul etmişdir. Daha sonra Müqəddəs idarə etdiyi avtomobil ilə yaşadıqları Göyçay rayon Bığır kəndinə gedərkən YPX-nin əməkdaşları avtomobili saxlatmış, sərxoşluq müayinəsindən keçmək üçün Müqəddəsi polis şöbəsinə dəvət etmişlər. Tanışı Müqəddəsi saxlatdıqlarından eləcə də, sərxoş vəziyyətdə olduğu üçün Göyçay rayon Polis Şöbəsinin nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq xidmətdə olan polis əməkdaşları ilə mübahisə edərək nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu sakitləşdirmək istəyərkən polis əməkdaşlarının tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Murad İsrayılov bildirdi ki, 16 iyun 2023-cü il tarixdə, saat 02 radələrində Göyçay rayon Polis Şöbəsinin nəzarət buraxılış məntəqəsində xidmətdə olarkən Şəxs sərxoş vəziyyətdə stansionar posta yaxınlaşmış, əsasssız yerə onunla mübahisə etməyə başlamış, nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etməsinə baxmayaraq, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 12:40-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş 16 iyun 2023-cü il tarixli 221 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması, himayəsində iki azyaşlı uşağın olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması,inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi və eyni xətanı il ərzində təkrarən törətməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hallar olması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar