Məhkəmə qərarları › İş №3(046)-380/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-380/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-380/2025 03.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1999-cu ildə Göyçay rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Göyçay şəhəri, Səməd Vurğun küçəsi, ev 81-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş bir icraatda birləşdirilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs sərxoş halda 02 iyun 2025-ci il tarixdə, saat 03.30 radələrində Göyçay şəhəri, Şəhriyar küçəsində idarə etdiyi «Opel» markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini aşağı salıb maqnitofon aparatını gür səslə oxudan vaxtı onu saxlayan Göyçay Rayon Polis şöbəsinin əməkdaşlarının iradına etiraz edib ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərini etmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola görə o, 02 iyun 2025-ci il tarixdə saat 03.50-də Göyçay şəhəri, Şəhriyar küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 02 iyun 2025-ci il tarixdə, saat 03.50 radələrində dostları Rüstəm Səfərov və Teymur Səfərovla yeyib içəndən sonra sərxoş vəziyyətdə «Opel» markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilinə oturub şəhəri yüksək musiqi səsi ilə idarə etmişdir.Göyçay şəhəri Şəhriyar küçəsində polislər onlara saxla işarəsi vermiş,lakin sərxoş vəziyyətdə avtomobili idarə etdiyi üçün onlardan uzaqlaşmaq istəmişdir.Təxminən bir kilometr avtomobili idarə edib yaşadığı məhəlləyə daxil olub saxlamışdır.Bu zaman polis əməkdaşları onlara yaxınlaşıb iradlarını bildirmişlər və onları polis şöbəsinə dəvət etmişlər.Sərxoş olduğundan etirazını bildirmiş,lakin sonradan polis əməkdaşlarının idarə etdiyi avtomobilə əyləşərək polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 izahat verərək bildirdi ki, 02 iyun 2025-ci il tarixdə Göyçay RPŞ-nin PPXB-nin serjantı Şahid2 ilə xidmətdə olan zaman saat 03.50-də Göyçay şəhəri, Şəhriyar küçəsində «Opel» markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü nəqliyyat vasitəsində yüksək səslə musiqiyə qulaq asdığını görüb həmin nəqliyyat vasitəsinə saxla işarəsi vermişlər. Bir qədər getdikdən sonra nəqliyyat vasitəsini saxladıb sürücüyə haqlı iradlarını bildirdikdə sürücüdən kəskin dərəcədə spirtli içki qoxusu gəldiyini hiss etmişdir.Həmin yerə yol patrul xidmətininin xidmətdə olan polis əməkdaşlarını dəvət edib sürücünü RPŞ-nə dəvət edən zaman nəqliyyat vasitəsində digər iki sərnişinlər və eyni zamanda sürücüdə onların RPŞ-nə aparılmalarına etiraz edərək ucadan nalayiq ifadələr işlətmişlər. Onlar həmin şəxsləri dəfələrlər nizam-intizama dəvət etsələrdə sürücü və sərnişinlər polisin qanuni tələbinə qəsdən tabesizlik göstərərək öz əməllərinə davam etmişlər. Sonradan digər xidmətdə olan PPXB-nin avtopatrul marşrutunu həmin yerə köməyə çağırıb sürücü və sərnişini RPŞ-nin novbətçi hissəsinə təhvil vermişlər. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X2 Şahid1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 027454 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 897 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına , yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan , habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisi və ya hərbi qulluqçusunun qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rzayev X3 şəhər Şəhriyar küçəsində gecə vaxtı idarə etdiyi avtomobildə maqnitofon aparatını gür səslə oxudan vaxtı Göyçay Rayon Polis Şöbəsinin PPXB-in əməkdaşlarının nizam-intizama dəvət edilməsinə etiraz edərək nalayiq ifadələr işlədib ictimai qaydanı pozmuş, etdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır.Hesab edirəm ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,İnzibati Xətalar Məcəlləsinin 510 -cu maddəsi ilə inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın ictimai qayda əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmaması,inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş xətaya görə həmin maddənin sanksiyası həddləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 02 iyun 2025-ci il, saat 03:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar