Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-386/2024 14.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə Göyçay rayonu, Yeniarx kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Göyçay rayonu, Yeniarx kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4373/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 01 noyabr 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 14 may 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4373/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 01 noyabr 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Borclu Şəxs 2016-ci ilin may ayından bu günədək 13000 manat aliment borcu yaranmışdır. Daha sonra borclu aliment borcunun ödənilməsi ilə bağlı icra şöbəsinə 3000 manat ödəniş qəbzi təqdim etmiş, qalıq 8020 manat aliment borcu qalmışdır. Qalıq aliment borcunu əvvəl ödəmək istəməsə də, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edildikdən sonra 8020 manat borcundan 5000 manat tələbkar X1 hesabına ödəyərək qəbzi ona təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4373/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə ondan 01 noyabr 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra mütəmadi olaraq aliment borcundan ödənişlər etmiş, sonradan tələbkar X6 ilə əlaqəsi kəsildiyi üçün ödənişlər edə bilməmişdir. Daha sonra onunla əlaqə saxlayaraq aliment borcundan 5000 manat, qalan 3020 manat borcunu 2-3 ay müddətinə ödəyəcəyini bildirmiş, borcundan 5000 manat tələbkarın kart hesabına ödəyərək qəbzi icra məmuruna təqdim etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4373/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 01 noyabr 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-4373/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, Borclu Şəxs aliment borcundan 5000 manat tələbkar X1 hesabına ödəmişdir. Borclu Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində izahat verərək ödənilməli olan aliment borcundan hal-hazırda ödəniş edə bilmədiyini gələcəkdə borcunu ödəyib bitirəcəyini göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclu icra sənədi ilə bağlı aliment borcundan 5000 manat ödəmişdir. Şəxsin hazırda tələb olunan məbləği bütöv şəkildə ödəmək imkanının olmadığını bildirməsinə və bu halın real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzrsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırda isə borclu Şəxs borclu olduğu puldan 5000 manat ödəməsi icra məmurunun məhkəməyə təqdim etdiyi ödəniş qəbzində öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4373/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 14 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-386/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-386/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver