Məhkəmə qərarları › İş №3(046)-390/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-390/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-390/2024 27.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyevin xx.xx.2024-cü il tarixli EQ 20740754 saylı qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 20740754 nömrəli qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında baş etibarnamə əsasında idarə etdiyi “Opel Astara” markalı, 50CN67 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Göyçay rayonu H.Əliyev prospektində ümumi istifadə olunan nəqliyyat vasitələrinin dayancaq meydançasından kənarda saxlasa da, AR DİN Baş Dövlət Yol Polis İdarəsinə məxsus xüsusi texniki vasitə tərəfindən AR İXM-in 346.2-ci maddəsində nəzərdə tutulan xəta törətdiyi qeydə alınmış və xx.xx.2024-cü il tarixli EQ20740754 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla həmin maddə ilə təqsirli bilinib 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixdə baş etibarnamə əsasında idarə etdiyi “Opel Astara” markalı, 50CN67 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Göyçay rayonu H.Əliyev prospektində yerləşən, umumi istifadə olunan nəqliyyat vasitələrinin dayancaq meydançasından tam kənarda saxlanılmış, yəni qanunvericiliyin tələblərinə uyğun olaraq parkovka edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna baxamyaraq əsasız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, AR DİN Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları idarə etdiyi Opel Astara markalı, 50CN67 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin Göyçay rayonu H.Əliyev prospektində yerləşən umumi istifadə olunan nəqliyyat vasitələrinin dayancaq meydançasında saxlamağı barədə heç bir əsaslı subut aşkar etməmiş, yəni bu barədə dəqiqləşdirilmiş ölçü, video görüntü, nəqliyyat vasitəsi ilə dayanacaq meydançasının arasında olan məsafənin real görüntüsü və sairə subutlar mövcud olmamış, buna baxmayarq AR DİN Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları yalnız təxmini ölçülərə əsalanaraq barəsində inzibati qərar qəbul etmişdir ki, buda ciddi qanun pozuntusudur. Buna görə də, hesab edir ki həmin inzibati qərar əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə AR DİN Baş Dövlət Yol Polis İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati xətaya dair işə AR DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cül tarixli EQ 20740754 saylı qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri H.Əliyev prospektində 5.12 yol nişanından 15 metr-dən az məsafədə nəqliyyat vasitəsini saxladığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinib, 40 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş foto şəkildən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri H.Əliyev prospektində idarə etdiyi “Opel Astara” markalı, 50CN67 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi park etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin İV bəndinə əsasən 5.12 yol nişanı avtobusun və ya trolleybusun dayanacaq yeridir. Məhkəmə baxışı zamanı X1 idarə etdiyi “Opel Astara” markalı, 50CN67 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Göyçay şəhəri H.Əliyev prospektində avtobus dayanacağından 15 metr-dən az məsafədə saxlamasını təsdiq edən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati iş üzrə yenidən araşdırma aparılmalı, X1 idarə etdiyi “Opel Astara” markalı, 50CN67 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Göyçay şəhəri H.Əliyev prospektində avtobus dayanacağından 15 metr-dən az məsafədə saxlamasını xüsusi texniki vasitə ilə müəyyən edilməlidir.(Həmin avtobus dayanacağında kösk-də mövcuddur) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 qanunda nəzərdə tutulmuş yuxarıda qeyd edilən hüquqları pozulduğundan şikayəti təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən xx.xx.2024-cü il tarixli EQ 20740754 saylı qərar üzrə 40 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə 250 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cül tarixli EQ 20740754 saylı qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar