Məhkəmə qərarları › İş №3(046)-418/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-418/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-418/2020 20.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs Sədiülla oğlunun iştirakı ilə xx.xx.1965-ci il tarixdə Göyçay rayonu İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu İnçə kəndində yaşayan Şəxs Sədiülla oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Sədiülla oğlu barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs Sədiülla oğlu xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Göyçay RMX-nin direktorunu söyərək təhqir etmiş, stol-stulu dağıtmış, ətrafdaki vətəndaşların fikrini özünə cəlb etmiş və Göyçay RMX-nin iş rejimini pozaraq xırda xuliqanlıq etmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs Sədiülla oğlu əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Göyçay RMX-nin direktorundan onun arvadına pensiya təyin etməsini tələb etmiş, onu nalayiq söyüşlər söyərək otaqda olan stol-stulu dağıtmışdır. İş üzrə şahid qismində izahat vermiş Abdullayeva Könül Bağır qızı göstərmişdir ki, Göyçay RMX-da qeydiyyatçı vəzifəsində işləyir. Şəxs Sədiülla oğlu xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Göyçay RMX-na gələrək direktor Elçin Bilalovun iş otağına keçmiş, arvadına əlillik təyin olunmasını tələb etmiş, Elçin Bilalovu nalayiq söyüşlərlə söyərək təhqir etmiş, həkimlərin ondan rüşvət tələb etdiyini bildirmiş, iş otağında Elçin Bilalova əl qaldırmağa cəhd etmiş, stolun üstündə olan ləvazimatları dağıdıb yerə tökmüşdür. Həmin vaxt xəstəxananın işçiləri onu sakitləşdirmək istəmiş, işçilərin ünvanına nalayiq söyüşlər söymüşdür. İş üzrə şahid qismində izahat vermiş X1 göstərmişdir ki, Göyçay RMX-da sığortaya dəstək xidmətinin şöbə müdiri vəzifəsində işləyir. Şəxs Sədiülla oğlu xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Göyçay RMX-na gələrək direktor Elçin Bilalovun iş otağına keçmiş, arvadına əlillik təyin olunmasını tələb etmiş, Elçin Bilalovu nalayiq söyüşlərlə söyərək təhqir etmiş, həkimlərin ondan rüşvət tələb etdiyini bildirmiş, iş otağında Elçin Bilalova əl qaldırmağa cəhd etmiş, stolun üstündə olan ləvazimatları dağıdıb yerə tökmüşdür. Həmin vaxt xəstəxananın işçiləri onu sakitləşdirmək istəmiş, işçilərin ünvanına nalayiq söyüşlər söymüşdür. İnzibat xəta törətmiş Şəxs Sədiülla oğlunun izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Sədiülla oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs Sədiülla oğlu xx.xx.2020-ci il tarixdə saat 13:00-da inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs Sədiülla oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Sədiülla oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar