Məhkəmə qərarları › İş №3(046)-45/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-45/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-45/2023 26.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X1, xx.xx.1988-ci ildə Göyçay rayonu Yeniarx kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Yeniarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 11 yanvar 2023-cü il tarixdə Göyçay rayonu Müskürlü kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmadan sənədsiz qoşa lüləli 16 kalibrli, 37842- 61 nömrəli toz markalı ov tüfəngini özündə saxlamış, mülki silahın daşınma qaydalarını pozmuşdur. İnzibati xəta hadisənin olması 11 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə dostları ilə birlikdə Göyçay rayon ərazisində ov etmək qərarına gəlmişlər. Daha sonra onlar Kərimin idarə etdiyi VAZ-21099 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Göyçay rayon Müskürlü kənd ərazisinə getmiş, orada olarkən Kərimin qardaşı Elvində əlində ov tüfəngi ilə yanlarına gəlmişdir. Birlikdə sahədə ov etmək üçün gəzərkən polis əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim edərək onlardan silaha aid sənədlərin və ov etmək üçün lisenziyalarının olub-olmamasını soruşmuşdur. Bu zaman X2 polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq əlindəki tüfəng ilə birlikdə qaçıb oradan uzaqlaşmışdır. Polis əməkdaşları onları rayon polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin sahə polis nəfəri, polis serjantı Emil Abdulov xx.xx.2023-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis kiçik serjantı Əlağa Həmidov ilə birlikdə Göyçay rayonu Müskürlü kənd ərazisində xidmət aparan zaman üç nəfər şəxsin üzərlərində ov tüfəngi ilə piyada hərəkət etdiklərini müəyyən etmişdir. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, onlara ov tüfənginə və özlərinə aid sənədlərin təqdim etmələrini bildirmişlər. Bu zaman onlardan bir nəfər sonradan adını bildiyi Göyçay rayon Yeniarx kənd sakini X2 onların qanuni tələblərinə tabe olmayaraq qaçaraq oradan uzaqlaşmış, digər iki nəfər şəxslərin barələrində tədbir görülməsi üçün rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd qoşa lüləli 16 kalibrli, 37842-61 nömrəli toz markalı ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar