Məhkəmə qərarları › İş №3(046)-454/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-454/2022

14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-454/2022 14.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, məhkəmə iclas katibi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, şikayətçi X10, Göyçay RPŞ-nin DYPB-nin inzibati təcrubə üzrə inspektoru X5 iştirakı ilə, Göyçay rayon DYPB tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardan verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X16 03 avqust 2022-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon X25 Bölməsinin 18 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının inzibati xəta hadisəsi baş vermədiyi üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X16 izahat verərək göstərmişdir ki, Göyçay RPŞ-nin X25 Bölməsinin qərarına əsasən 31 mart 2022-ci il tarixdə saat 20:30-da idarə etdiyi Opel Astra markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobillə Mingəçevir şəhərindən Göyçay şəhər istiqamətində hərəkətdə olan zaman Mingəçevir şəhər YPX-nin əməkdaşı X11 onu saxlatmış, sərxoş olub-olmadığını soruşmuş, sərxoş olmadığını bildirmişdir. Yol Patrul Xidməti əməkdaşı X11 ona “sən içkilisən” bildirmiş, daha sonra onu xəstəxanaya aparmışlar. Sonradan adını bilmədiyi həkim onu alkotesterlə yoxlamış və sərxoş olmadığı müəyyən edilsə də, həkim onunla qərəzçilik edərək sərxoş olmağı barədə akt tərtib etmişdir. Bundan sonra barəsində protokol tərtib edilmiş və YPX-nin əməkdaşı idarə etdiyi avtomobilə sükan arxasına əyləşib, avtomobili özü idarə edərək cərimə meydançasına aparmışdır. Mingəçevir şəhər rayonlararası Narkoloji dispanserinin feldşer həkimi norkoloqu X7 tərəfindən yoxlandıqdan dərhal sonra bu haqsızlığa dözməyib, X23 Yardım stansiyasına sərxoşluğun yoxlanılması üçün müraciət etmiş və sərxoş olub-olmadığı yoxlanılmış, yoxlamada spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur. Ağdaşda yoxlanıldıqdan və spirtli içki qəbul etmədiyi müəyyən olunduqdan sonra X22 Yardım stansiyasına təkrar olaraq sərxoşluğun yoxlanılması üçün müraciət etmiş, orada da spirtli içki içmədiyi müəyyən olunmuş və bu barədə ona sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı verilmişdir. Daha sonra barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş 400 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş 18 may 2022-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Göyçay RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X13 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:35-də Mingəçevir şəhər YPX-nin inspektoru polis baş serjantı X11 tərəfindən X16 barəsində İXM-nin 333.1-ci və 327.1-ci maddələri ilə inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün adiyyatı üzrə Göyçay RPŞ-nin DYPB-nə göndərilmişdir. X16 xx.xx.2022-ci il tarixdə 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Ağdaş rayon X6 X20 X14 tibb bacısı X2 göstərmişdir ki, X16 xx.xx.2022-ci il tarixdə saat 22:12-də Ağdaş RMX-nın PHŞ-nin təcili tibbi yardım bölməsinə müraciət edərək sərxoşluq müayinəsindən keçmiş, alkotesterin göstəricisinə əsasən sərxoş olmadığı müəyyən olunmuş, bu barədə alkotesterin göstəricilərini əks etdirən qəbz verilmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Ağdaş rayon X6 X20 X15 növbətçi həkimi X3 şahid qismində ifadə vermiş X1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X16 əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 18 may 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan 18 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X16 nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi üçün barəsində İXM-nin 333.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Narkoloji Dispenseri tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli 413 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X16 xx.xx.2022-ci il tarixdə saat 20:35-də tibbi müayinədən keçirilərkən 0,5 promilli yüngül dərəcəli sərxoş olmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna Ağdaş RMX-nın PHŞ tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, X16 xx.xx.2022-ci il tarixdə Ağdaş RMX-nın PHŞ-nin təcili tibbi yardım bölməsinə müraciət etmiş, TY bölməsinin növbətçi həkimi Yeganə Katibova və tibbi bacısı Səfa Kərimova tərəfindən müayinə olunmuş, müayinə zamanı A.Ömərovun sərxoş olmadığı müəyyən edilmiş və bu barədə akt tərtib olunduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntüdən və alkotesterin nəticəsini əks etdirən xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X4 RMX-nın PHŞ-nin təcili tibbi yardım bölməsində saat 22:12-də sərxoşluq müayinəsindən keçirilmiş, müayinə zamanı alkotesterin göstərici 0 promilli olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru A.Manuçerialen tərəfindən imzalanmış, DİN BDYPİ-nin rəis müavini Balakişi Əhmədova ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, qanda alkoqolun miqdarı hər bir saatda 0,2 promilli azalır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X16 xx.xx.2022-ci il tarixdə saat 20:35-də sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinədən keçirilərkən alkotesterin göstəricisi 0,5 promilli olmuş, Ağdaş RMX-nın PHŞ-də xx.xx.2022-ci il tarixdə saat 22:12də tibbi müayinədən keçərkən alkosterin göstəricisi 0 promilli olmuşdur. Göründüyü kimi, X10 1 saat 37 dəqiqədən sonra qanda alkoqolun miqdarı 0,2 promilli qalmalı olduğu halda göstərici 0 promilli olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, X16 xx.xx.2022-ci il tarixdə saat 20:35-də sərxoş olmamışdır. Məhkəmə hesab edir ki, X10 əməlində inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; Təqdim edilmiş sübutları əsasən məhkəmə hesab edir ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll olunması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmədə müəyyən edildi ki, X16 barəsində əsassız olaraq İXM-nin 333.1 və 327.1-ci maddələri ilə inzibati xəta haqqında qərar qəbul edilmişdir. X10 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı yəni yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilmədən idarə etməyinə gəldikdə isə məhkəmə hesab edir ki, şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. X16 onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə tərtib edilmiş İXP ******* saylı 31 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Göyçay RPŞ-nin DYPB-nin qəbul etdiyi TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar