Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-461/2021 20.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, REKORD-2018 MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən REKORD-2018 MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta protokol tərtib edilmiş və baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta protokol geri qaytarılmalıdır. Belə ki, REKORD-2018 MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, Azərbaycan Respublikası İXM-in 100-cü maddəsinin tələbləri pozulmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin iştirakı təmin edilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş, eləcə də tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti ona tədim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində yalnız «Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri» və «Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətləri» adlı 16 və 16-1-ci fəsillərində inzibati xəta haqqında iş üzrə icraatı xəta törədən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan aparılması nəzərdə tutmuşdur. Qalan bütün hallarda inzibati xəta haqqında iş üzrə icraat, fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə aparılmalı, Azərbaycan Respublikası İXM-in 61ci maddəsində təsbit edilən hüquqları təmin edilməli, nədə ittiham olunduğu izah edilməli, protokolun surəti ona təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Şərh edilən normativ hüquqi aktların tələbindən də göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib edilərkən, İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin, eləcə də inzibati icraatla bağlı normaların tələblərinə ciddi əməl edilməli, protokolda zəruri məlumatlar göstərilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə məlumat verilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti ona təqdim edilməlidir. İqtisadi fəaliyyət qaydaları əleyhinə olan xətalar üzrə inzibati araşdırma aparılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmaması heçdə o anlama gəlmir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati icraat zamanı heç bir araşdırma aparmamalı, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına məlumat verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrində göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağılabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhz bu səbəbdən məhkəmə bir daha qeyd edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 16 və 16-1-ci fəsillər istisna olmaqla, qalan bütün hallarda inzibati icraat başlayarkən və bununla bağlı prosessual hərəkətlər apararkən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin hüquqlarını təmin etməli, bundan sonra tərtib edilmiş inzibati xəta haqqında protokola baxmalı və yaxud aidiyyatı üzrə göndərməlidir. Məhkəmə bütün bunlarla yanaşı əlavə olaraq qeyd edir ki, eyni əsasla xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılmış, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəmə müraciət edilməsi tövsiyyə edilmişdir. X1 məhkəmənin qərardadında göstərilmiş nöqsanları aradan qaldırmadan, eləcə də inzibati xəta haqqında protokolu düzgün tərtib etmədən yenidən həmin protokolu baxılması üçün məhkəməyə göndərmiş, eyni zamanda subyektiv mülahizəsini əks etdirən vəsatətlə məhkəmə müraciət edərək, inzibati xəta haqqında işin baxılması üçün icraata götürülməsini xahiş etmişdir. Məhkəmə vəsatətdə göstərilən fikirlərə hazırki qərardadın təsviri-əsaslandırıcı hissəsində hüquqi qiymət vermiş, bununla yanaşı bir daha qeyd edir ki, səlahiyyətli orqan kimi Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati icraat zamanı prosessual normalara ciddi əməl etməli, insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləməli və qorumalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırkı material üzrə işə baxılması qeyri mümkündür. Ona görə də inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103, 110, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: REKORD-2018 MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılsın. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-461/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-461/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver