Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-478/2023 08.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subya, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində acıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X2 tərəfindən xx.xx.2023-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 500 manat aliment borcunu üzürsüz səbəbdən zərərçəkmiş şəxs X1 ödənilməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmənin qətnaməsinə əsasən iki uşağın saxlanması hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda 500 manat borcu vardır. Borcundan 200 manat ödəmişdir. Qalan borcunu tezliklə ödəyəcəkdir. Məhkəmə, təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməməsi və Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1.-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1.-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində müəyyən olunmuş müddətdə alimenti üzrsüz səbəbdən icra etmədiyinə dair sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 84, 112, 114, 115, 117, 128-130ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli MN ******* saylı inzibati xəta potokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-478/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-478/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver