Məhkəmə qərarları › İş №3(046)-48/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-48/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-48/2023 26.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X1, xx.xx.1999-cu ildə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində anadan olmuş, subay, orta təhsilli, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 12 yanvar 2023-cü il tarixdə Göyçay şəhəri, B.Mirzəyev küçəsi ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmadan sənədsiz tək lülə A 1715 nömrəli ov tüfəngini özündə saxlamış, mülki silahın daşınma qaydalarını pozmuşdur. İnzibati xəta hadisənin olması 12 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu halda Azərbaycan Respublikası İXM-in 61.3 və 112.1.4-cü maddələrinə əsasən, işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin PPXBnin tağım komandiri polis leytenantı Sərxan Məmmədov xx.xx.2023-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri, Cahangir Rəsulov və Ceyhun Qafarov ilə birlikdə Göyçay şəhəri ərazisində xidmət aparan zaman Göyçay şəhəri, B.Mirzəyev küçəsi ərazisində bir nəfər şəxsin ov etməsi ilə bağlı məlumat daxil olmuş, məlumat əsasında əraziyə yaxınlaşdıq da bir nəfər şəxsin yanında 2 ov iti (ov tulası) və üzərində qoşa lülə ov tüfəngi ilə atəş açmasını müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, yaşayış massivində atəş açmağın hüquqa zidd olmasını ona izah edərək tüfəngə aid sənədlərin təqdim etməsini bildirmişlər. Bu zaman həmin şəxs polis əməkdaşları ilə kobud danışaraq heç bir sənəd təqdim etməmiş, oradan uzaqlaşmaq istədikdə, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bunu görə də polis əməkdaşları onu rayon polis şöbəsinə apararaq növbətçi hissəyə təhvil vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd tək lülə A 1715 nömrəli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar