Məhkəmə qərarları › İş №3(046)-489/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-489/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-489/2024 14.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə Göyçay Rayon Məhkəməsinin 2(046)-1580/2021 saylı, 31 avqust 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 14 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin,zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1580/2021 saylı, 31 avqust 2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Maddi imkanı olmadığı üçün aliment borcunu tam ödəyə bilməmişdir. Hal-hazırda aliment borcundan 120 manat ödəniş etmişdir, əlavə olaraqda 100 manat ödəniş edə bilər, hazırda fəhlə işləyir. Buna görə də aliment borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ona 660 manat aliment borcu vardır. Şəxs ona olan borcundan hissə-hissə ödənişlər etsə də borcunun tam şəkildə ödənilməsini tələb edir. Şəxs ona olan borcunu tam ödəmədiyi halda onun barəsində daha ciddi inzibati tənbeh tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1580/2021 saylı, 31 avqust 2021-ci il tarixli icra sənədi üzrə hər ay uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Şəxs aliment borcundan 120 manat ödəniş etmişdir. Alimenti hər ay natamam olaraq ödəmişdir.Yaşayış yeri məlum olmadığından haqqında 27 mart 2024-cü ildə axtarış elan edilmişdir.Borclu Şəxs 660 manat aliment borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində 27 mart 2024-cü il tarixdə axtarış qərarı seçilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-1580/2021 saylı, 31 avqust 2021-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1580/2021 saylı, 31 avqust 2021-ci il tarixli icra sənədi üzrə borclu maddi imkanı olmadığından aliment borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tərtib edilmiş 13 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının həddləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək,barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 14 iyun 2024-cü il, saat 12:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar