Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-521/2023 23.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X4, xx.xx.1975-ci ildə Ağdam rayonunda anadan olmuş, evli, orta təhsilli, 2-ci qrup əlil, işləməyən, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan və Göyçay rayonu, Potu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 22 avqust 2023-cü il tarixdə, saat 14 radələrində sərxoş vəziyyətdə Göyçay rayonu Potu kəndi ərazisində ucadan nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətlərini etmiş, onu nizam-intizama dəvət edən ictimai qaydanın mühafizə vəzifələrini icra edən Göyçay rayon Polis Şöbəsinin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 23 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində sərxoş vəziyyətdə Göyçay-Ucar yolunun Hüngütlü kəndi ərazisində özünə məxsus “Lexus” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında saxlayaraq tanışı Ramilə adlı şəxslə söhbət edən zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, ondan avtomobili nə səbəbə görə burada saxlamasını soruşduqda Ramilə adlı şəxslə söhbət etdiyini bildirərək avtomobili işə salaraq oradan uzaqlaşmışdır. Bir qədər sonra avtomobili yenidən Yeniarx kəndi ərazisində yolun kənarında saxlayaraq Ramilə ilə söhbət edən zaman polis əməkdaşları ona yenidən yaxınlaşmış, burada nə səbəbə görə avtomobili saxlamasını soruşduqda polis əməkdaşlarının sözlərindən əsəbiləşərək nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu rayon polis şəbəsinə getməsini bildirmiş lakin o, polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq avtomobil ilə oradan uzaqlaşmaq istədikdə qarşıdan gələn avtomobilin yoluna çıxmış, öz yoluna qayıtmaq istədikdə idarəetməni itirərək yolun sağ kənarındakı kolluğa düşmüşdür. Avtomobildən onu köməkləşib onu çıxarandan sonra tanışının avtomobilinə əyləşərək Ucar rayonuna getmişdir. Həmin gün axşam saatlarında Göyçay rayonu Potu kəndində yerləşən evinə qayıtmaq istəyərkən polis əməkdaşları ona yaxınlaşmış, onu polis şöbəsinə gətirmişlər. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X2 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşı X5 ilə birlikdə 4 nömrəli avtopatrulda xidmətdə olarkən saat 14 radələrində Göyçay-Ucar yolunun Hüngütlü kənd ərazisində yolun kənarında dayanmış “Lexus” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman Şəxs avtomobildə əyləşən qadının qolundan tutaraq avtomobildən düşməsinə maneəçilik yaradaraq oradan uzaqlaşmışdır. Daha sonra xidmətlərinə davam edən zaman həmin avtomobilin yenidən Yeniarx kəndi ərazisində yolun kənarında saxladığını görüb avtomobilə yaxınlaşmış, burada avtomobili nə səbəbə görə saxlamasını soruşduqda Şəxs nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə tabe olmayaraq avtomobilinə əyləşərək oradan uzaqlaşmaq istəmişdir. Dərhal bu barədə Göyçay rayon DYPB-nin və PPXB-nin əməkdaşlarına məlumat vermişdir. Daha sonra Şəxs idarə etdiyi avtomobil ilə yolun əks istiqamətli hərəkət zolağına çıxmış, idarəetməni itirərək qarşı zolaqda hərəkətdə olan “Opel” markalı avtomobillə toqquşaraq yolun kənarında olan kolluqa düşmüşdür. Şəxs avtomobildən çıxarmaq istəyərkən o, yenidən nalayiq ifadələr işlədərək tabesizlik göstərmiş, başqa bir avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Həmin gün axşam saatlarında Şəxs yaşadığı evin qarşısında olarkən ona saxlayaraq xidməti avtomobil ilə rayon polis şöbəsinə gətirmişlər. Məhkəmədə şahid qismində izahat vermiş X3, X5 və X6 şahid X1 izahatına uyğun eyni məzmunlu izahat vermişlər. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 15:30-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş 22 avqust 2023-cü il tarixli 333 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, 2-ci dərəcəli əlil olması, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal olması, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hallar olması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs eyni vaxtda öz hərəkətləri ilə həm İXM-in 510-cu, həm də 535.1-ci maddəsi ilə inzibati xəta törətdiyindən, barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-521/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-521/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver